CƏMİYYƏT
“Erkən İnkişaf Mərkəzləri” layihəsi müzakirə edilib
Bakı, 15 iyul, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və UAFA-nın (Azərbaycana Birgə Yardım Təşkilatı) məsul şəxslərinin iştirakı ilə “Erkən İnkişaf Mərkəzləri” layihəsinin müzakirəsi məqsədilə onlayn görüş keçirilib.
TƏBİB-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə çıxış edən TƏBİB-in Ailə həkimliyinin təşkili şöbəsinin baş mütəxəssisi Nərmin Osmanlı erkən dəyərləndirmə və müdaxilə xidmətinin əhəmiyyətindən danışıb.
N.Osmanlı TƏBİB tərəfindən psixi sağlamlıq sahəsində, eyni zamanda fəaliyyət göstərən tibb işçilərinin psixi sağlamlıq və psixososial inkişaf aspektlərində biliklərinin artırılması üçün görülən işlər haqqında məlumat verib.
Daha sonra çıxış edən mütəxəssislər erkən müdaxilə xidmətlərində təsdiqlənmiş klinik protokollar barədə məlumat veriblər. Onlayn görüş zamanı xüsusilə həyatın ilk illərində uşaqların inkişaf prosesində əsas bacarıqlara yiyələnmələri, hansısa problem yaşadıqları təqdirdə erkən müdaxilənin rolu mütəxəssislər tərəfindən diqqətə çatdırılıb.