CƏMİYYƏT
Erkən nikahların qarşısının alınması üçün maarifləndirmə işləri mütəmadi həyata keçirilməlidir
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Gəlincik” layihəsinin açılış mərasimi keçirilib.
YAP Gənclər Birliyindən AZƏRTAC-a bildiriblər ki, layihə rəhbəri Bəyim Məmmədli gənclərə layihənin əhəmiyyəti barədə məlumat verib, layihə ərzində keçiriləcək təlimlərin mövzularını iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra təlimçi Zaur Quliyev erkən nikahların hüquqi cəhətdən də yol verilməz olduğunu qeyd edib. Bildirib ki, erkən nikahların qarşısını almaq üçün maarifləndirmə işlərini mütəmadi olaraq həyata keçirmək lazımdır.
Tədbir müzakirələrlə davam edib.