CƏMİYYƏT


Erkin Əlixanov: Azərbaycan və Litva prokurorluq orqanları rəqəmsal texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsi aparacaq

Erkin Əlixanov: Azərbaycan və Litva prokurorluq orqanları rəqəmsal texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsi aparacaq

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan prokurorluğu öz səlahiyyətləri çərçivəsində xarici ölkələrin hüquq-mühafizə orqanları və beynəlxalq təşkilatlarla əlaqələrini daim genişləndirir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri zamanı hər iki ölkənin baş prokurorları tərəfindən 2024-2025-ci illər üzrə konkret tədbirləri nəzərdə tutan Əməkdaşlıq Proqramı imzalanıb. Sənədin bu cür ali səviyyədə imzalanması onun mahiyyətindən qaynaqlanır. Proqram azərbaycanlı prokurorların litvalı həmkarları ilə birlikdə iki il ərzində cinayətkarlığa qarşı mübarizədə və prokurorluğun işinin müasir məzmunda təşkilini əhatə edən ən aktual mövzular üzrə tədbirlərin keçirilməsini nəzərdə tutur.

Bunu AZƏRTAC-a açıqlamasında Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Erkin Əlixanov deyib.

Sənədi şərh edən idarə rəisi bildirib ki, 2024-cü ildə prokurorlarımız korrupsiyaya qarşı mübarizə çərçivəsində cinayət yolu ilə əldə olunmuş əmlakın aşkarlanması, izlənməsi və bərpası, həmçinin prokurorluq orqanlarının fəaliyyətində rəqəmsal texnologiyaların tətbiqi sahələrində təcrübə mübadiləsi aparacaqlar: “2025-ci ildə isə litvalı həmkarlarımızla birgə ekoloji cinayətlərin araşdırılmasının aktual problemləri və elektron sübutların cinayət prosesində tətbiqini nəzərdə tutan tədbirləri keçirəcəyik.

Azərbaycanın prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar litvalı həmkarlarımızda böyük maraq doğurur. Litva Avropa İttifaqının üzv dövləti olmaqla cinayətkarlığa qarşı mübarizədə müsbət irəliləyişlər əldə etmiş ölkə kimi bizim üçün də əhəmiyyətli tərəfdaşdır. Bu səbəbdən, iki ölkənin prokurorluqları arasında əlaqələr qarşılıqlı surətdə faydalıdır”.

Litvanın hüquq-mühafizə orqanları ilə artıq uzun illərdir səmərəli əməkdaşlığın mövcud olduğunu söyləyən Erkin Əlixanov xatırladıb ki, hələ 2009-cu ildə Avropa İttifaqının Tvininq layihəsi çərçivəsində Litvanın Xüsusi İstintaq Xidməti ilə birgə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə dəstək layihəsi həyata keçirilib. Layihə iki il davam edib və çox uğurlu nəticələr əldə olunub. 2022-ci ilin fevral ayında isə yenə də Litvanın Xüsusi İstintaq Xidməti ilə birgə bu dəfə artıq Azərbaycanda cinayət yolu ilə əldə olunmuş əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstəyi nəzərdə tutan Avropa İttifaqının Tvininq layihəsinə start verilib.

İdarə rəisi qeyd edib ki, son illər ərzində Litvanın Baş Prokurorluğu ilə əlaqələrimiz yüksək səviyyəyə çatıb. “Əməkdaşlığımız həm ikitərəfli müstəvidə, həm də Avropa Şurası, Avropa İttifaqı, Beynəlxalq Prokurorlar Assosiasiyası və sair nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilir. Postpandemiya dövründə iki ölkənin baş prokurorları arasında beş dəfə görüş keçirilib. Həmçinin nümayəndə heyətlərimizin qarşılıqlı səfərləri təşkil olunub. Cinayət işləri üzrə hüquqi yardım haqqında sorğuların mübadiləsi, həmçinin cinayət törətmiş şəxslərin ekstradisiyası sahəsində əməkdaşlığımız nümunəvi xarakter daşıyır.

Ötən ilin may ayında Baş prokuror Kamran Əliyevin dəvəti ilə Litvanın Baş prokuroru Nida Qrunskienenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Bu ilin fevral ayında Azərbaycanın Baş prokuroru litvalı həmkarının dəvəti ilə Vilnüsə işgüzar səfəri zamanı insan hüquq və azadlıqlarının müdafiəsini təmin etmək məqsədilə mövcud əməkdaşlığın genişlənməsini, o cümlədən transmilli cinayətkarlığa qarşı mübarizə, aktivlərin bərpası və kadrların ixtisasartırmasını nəzərdə tutan Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb”, - deyə ədliyyə müşaviri vurğulayıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.