SİYASƏT


Erkin Qədirli: Azərbaycan-Türkiyə münasibətləri maraqlardan üstün unikal bir xarakterə malikdir

Bakı, 15 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Şuşa Bəyannaməsi çox önəmli bir sənəddir. Həmin sənəddə bir çox bəndlər var. Lakin bu sənəddə strateji cəhətdən ən vacib bənd Azərbaycanla Türkiyənin müdafiə və təhlükəsizlik sahəsindəki tədbirlərinin əlaqələndirilməsi ilə bağlıdır. Çünki burada əməkdaşlıq deyil, (hansı ki, bu, dövlətlərimiz arasında hər zaman olub) birbaşa əlaqələndirmədir. Bu bəndin üstünlüyü ondadır ki, Türkiyə və Azərbaycan dövlətlərindən hansınınsa təhlükəsizliyinə təhdid olarsa, digər dövlət onun yardımına gəlməlidir.

Bu fikirləri “Real” Partiyasının üzvü, Milli Məclisin deputatı Erkin Qədirli AZƏRTAC müxbirinin Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti ilə bağlı sualını cavablandırarkən söyləyib.

Deputat deyib: “Nəzərə almalıyıq ki, Türkiyə həm də NATO-nun üzvüdür. Bu vaxtadək elə bir təcrübə yoxdur ki, NATO-nun üzvü olan ölkə eyni təşkilatda təmsil olunmayan digər bir dövlətlə bu cür sənəd imzalasın. Hazırda ABŞ-ın NATO üzvü olmayan, lakin özünə strateji müttəfiq hesab etdiyi bir neçə dövlətlə belə anlaşması var. Lakin ABŞ həmin ölkədə, məsələn, Yaponiyada özünün hərbi bazalarını yerləşdirib. Hazırda postsovet ölkələrindən qərbyönlü siyasət yürüdən, Avropa İttifaqına, NATO-ya üzvlük haqqında açıq danışan Ukrayna, Moldova və Gürcüstandan fərqli olaraq, yalnız Azərbaycanın NATO üzvü olan bir ölkə ilə bu cür münasibətləri var. Təbii ki, Şuşa Bəyannaməsinin imzalanması başqa amillərlə də bağlıdır. Çünki Azərbaycan və Türkiyə həqiqətən də qardaş dövlətlərdir. Ona görə də heç bir siyasi nəzəriyyə bu münasibətləri izah edə bilməz. Deyə bilərik ki, Azərbaycan-Türkiyə münasibətləri maraqlardan üstün unikal bir xarakterə malikdir. Bu, bir daha göstərir ki, Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.