CƏMİYYƏT


Erməni əsirliyində olmuş Həbib Kazımov: Lüdviq Mkrtiçyan bıçaqla baldırımın ətini kəsib

Bakı, 2 iyun, AZƏRTAC

Mən 1994-cü ildə Kəlbəcər rayonunda, “Ömər” aşırımı adlanan ərazidə mühasirə nəticəsində əsir götürülmüşəm. Əvvəlcə bir neçə gün Kəlbəcər rayonunun Yanşaq kəndində və digər ərazilərdə saxlanıldıqdan sonra məni Ağdərə rayonuna - Suqovuşan istiqamətinə aparıblar. Daha sonra Xankəndidə saxlanılmışam.

AZƏRTAC xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və onlara qarşı digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə iyunun 2-də Yasamal Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında zərərçəkən qismində dindirilən Həbib Kazımov jurnalistlərə müsahibəsində bildirib.

Hazırkı məhkəmə iclasında ittiham olunan şəxslər, xüsusilə Lüdviq Mkrtiçyan tərəfindən daha ağır işgəncələrə məruz qaldığını qeyd edən Həbib Kazımov deyib: “Bizə dəhşətli işgəncələr verirdilər. Lüdviq Mkrtiçyan məni ələ salmaq üçün əl-qolumu bağlayıb bıçaqla sağ ayağımın - baldırımın ətini kəsib. Özü də əvvəlcə mənə dedilər ki, sənin baldırının ətini kəsib götürəcəyik. Dişlərimə baxdılar və mənə dedilər ki, niyə sənin ağzında qızıl diş yoxdur? Bundan sonra dişlərimi sındırıb, çıxardılar. Daha sonra məni Şuşa həbsxanasına apardılar. Lüdviq Mkrtiçyanı orada da gördüm. Orada da bizi “dubinka”, armatur parçaları və digər vasitələrlə döyürdülər. Şuşadan olanlar yaxşı bilirlər, orada tikanlı ağac budaqları – meşə odunu olur. Həmin tikanlı ağaclarla kürəyimdən vururdular. Kürəyimdə dərin yara izləri hələ də qalır. Bundan başqa, müxtəlif mənəvi, psixoloji işgəncələrə də məruz qalırdıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.