ORDU
Erməni hərbi qulluqçu könüllü olaraq Azərbaycan tərəfə keçib VİDEO
Bakı, 23 mart, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan martın 22-də günorta saatlarında öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub. İlkin məlumata görə, o, 1991-ci ildə Xocavənd rayonunda anadan olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçularımız qoşunların təmas xəttini keçən erməni hərbçisini saxlayıblar.
Andranik Qriqoryan ilkin dindirmə zamanı deyib: “Mən 1991-ci ildə Martuni rayonunda anadan olmuş Andranik Araratoviç Qriqoryanam. 2015-ci il martın 22-də könüllü olaraq Azərbaycan tərəfinə keçmişəm. Bunun səbəbi çox sadədir. Mən mənasız yerə ölməkdən qorxuram.
Cəbhə xəttini keçəndə, tək deyildim. Daha bir nəfər mənimlə bərabər, sizin tərəfə keçmək istəyirdi. Mən daha cəld tərpəndim. Silahı atıb, sizə tərəf gəldim. Onun taleyindən xəbərim yoxdur. Güman edirəm ki, artıq sağ deyil.
Ermənistanın hakimiyyət orqanları martın 19-da baş vermiş hadisəni öz xalqından gizlətməyə nə qədər cəhd göstərsə də, artıq hamı bilir ki, mənasız təşkil olunmuş təxribat zamanı 20-dən artıq ölü, onlarla yaralı var. Əsgər çatışmadığına görə postlara mülki şəxsləri yerləşdirirlər.
Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerlilərlə ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlər ilə pis rəftar etməsi və hərc-mərclik məni cana yığıb. O tərəfdə bu cür yaşamaqdan mənim kimi bezib bura keçmək istəyən xeyli insan var.
Amma açığını deyim ki, burada onları nə gözlədiyini bilmədikləri üçün cəsarət etmirlər. Mən də bu addımı atmazdan əvvəl çox düşündüm və qərara gəldim ki, orada qalıb ölüm saatımı gözləməkdənsə, könüllü təslim olum. Gözlədiyimin tam əksi olaraq, burada məni normal qarşıladılar və doyunca yemək-içmək verdilər.
Məcbur olub silah tutan yoldaşlarıma bir daha buradan səslənib demək istəyirəm ki, azərbaycanlılar heç də o cinayətkar hakimiyyətin uzun illər beynimizə yeritməyə çalışdığı kimi deyillər. Nə qədər ki, gec deyil, siz də mənim kimi hərəkət edin”.
Hazırda təhlükəsizliyi təmin olunan əsir A.Qriqoryan ilə hamı tərəfindən qəbul edilmiş insan hüquqları normaları çərçivəsində rəftar edilir.