DÜNYA


Erməni müxalifəti Paşinyanı əvvəlki hakimiyyətin dövlət qulluqçularını ixtisar etməkdə ittiham edib

Bakı, 7 mart, AZƏRTAC

Ermənistanda Paşinyan hökumətinin “hökumət strukturlarının optimallaşdırılması” adı altında həyata keçirdiyi islahatlar çərçivəsində nazirlik və idarələrdə geniş ixtisarlar nəzərdə tutulur. Belə ki, martın 7-də Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, ölkədə fəaliyyət göstərən 17 nazirlikdən cəmi 12-si saxlanılıb. Bunun nəticəsində isə 10 mindən çox dövlət qulluqçusu işsiz qalacaq.

AZƏRTAC xəbər verir ki, Ermənistan parlamentinin sabiq vitse-spikeri Arpine Ovannisyan Paşinyan hökumətinin struktur islahatlarını əvvəlki hakimiyyətin dövlət qulluqçularının işdən azad olunması əməliyyatı adlandırıb. Onun sözlərinə görə, ixtisarların həyata keçirilməsi zamanı “məxməri inqilab” əleyhdarları işdən azad olunacaq. “Baş nazirin parlamentdə suallara verdiyi cavablar göstərdi ki, “hökumət strukturlarının optimallaşdırılması” ideoloji meyarlara əsaslanacaq və əvvəlki iqtidarla əlaqəsi olanlar ixtisara düşəcək”, -deyə siyasətçi vurğulayıb. Onun sözlərinə görə, hökumətin qərarında da Paşinyanın “uyğun olmayan” dövlət qulluqçularından qurtulmaq siyasəti açıq-aşkar görünür.

Erməni siyasətçi əlavə edib ki, son 10 ayda baş verənlər dövlət strukturlarında işə qəbul zamanı baş nazirin qohumlarına, yaxud mitinqlərdə daha çox səs-küy salanlara üstünlük verildiyini göstərir. O qeyd edib ki, hazırda parlament üzvü olmaq yüksəkvəzifəli şəxslərin yaxını olmağı, qubernator müavini vəzifəsinə təyinat isə deputat uşaqları ilə ailə qurmağı tələb edir. Ovannisyanın sözlərinə görə, iqtidar bunları inkar edə bilməz və Dövlət Əmlak Komitəsinin rəhbərinin vitse-spikerin əri olması və s. faktlar əyani sübutdur. Siyasətçi baş nazirə müraciətində yazıb: “Sizin təkcə “inqilabçıların” deyil, həm də “əksinqilabçıların” rəhbəri olduğunuzu dərk etmənizin vaxtı çatıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.