ELM VƏ TƏHSİL
Erməni qəddarlığı – tarixin qanlı səhifəsi
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan xalqına qarşı son otuz ildən artıq müddətdə təcavüzün davam etməsi iki əsri ötən prosesin tərkib hissəsidir. Cənubi Qafqaza “böyük köç”dən qaynaqlanan erməni separatizmi terrorizmi, etnik təmizləmə məqsədli müsəlman qırğınlarını siyasi platformada təsbit edib, dövlət siyasəti səviyyəsində reallaşdırmışdı. Beynəlxalq proseslərin gedişatından faydalanmaq şansını bütün dövrlər ərzində əldən verməyən ermənilər millətçilik zəminində daxili təbliğatla yanaşı, beynəlxalq aləmə tanışlıq “vizitlərini” yanlış, təhrif edilmiş, uydurulmuş informasiya əsasında həyata keçirirdilər.
“Kilsə, partiya, diaspor” üçlüyünün mütəşəkkil işlədiyi şəraitdə terror erməni strategiyasının tərkib hissəsi olub. Erməni hərəkatı, onun rəhbər təşkilatı olan “Daşnaksütyun” partiyası məqsədə çatmaq üçün hər vasitəni, xüsusən də terroru məqbul bilmişdi. Erməni strategiyasının ayrılmaz tərkibi olan terrorizm hazırda beynəlxalq terrorizmin bir parçasıdır, lakin özünəxaslığı ilə fərqlənir.
Ermənilərin törətdiyi qırğınların tarixi XX yüzillikdən öncə başlasa da, 1905-ci ildə Azərbaycan müsəlmanlarını kütləvi qırğına məruz qoymaları 1918-ci il soyqırımının “baş məşqi” hesab edilə bilər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova söyləyib. F.Əhmədova bildirib ki, Birinci Dünya müharibəsini tarixi fürsət bilərək çox geniş coğrafiyada siyasi müqəddəratlarını qətliamlar yolu ilə müəyyənləşdirməyə səy edirdilər. Bu məqsədlə 1917-ci ilin əvvəllərindən 1918-ci ilin martınadək təkcə İrəvan quberniyasında 197 Azərbaycan kəndi erməni yaraqlıları tərəfindən dağıdılıb. Ermənilərin qanlı əməlləri, daha ardıcıl tərzdə İrəvan quberniyasında törədilib. İrəvan quberniyasının 1916-cı ildəki 375 min nəfərlik azərbaycanlı əhalisinin sayı azalaraq, 1922-ci ildə 70 min nəfərə enmişdi.
1917-ci ilin dekabrından başlayaraq, erməni-daşnak quldur dəstələri Qarabağın azərbaycanlı kəndlərinə basqın edir və onlardan hələ yer üzərində mövcud olmayan Ermənistan respublikasını tanımağı tələb edir və guya öz dövlətləri üçün azərbaycanlılardan zorla vergi yığırdılar. Şuşa-Cəbrayıl və Şuşa-Əsgəran yollarını tamamilə nəzarət altına alan ermənilər həmin yollarla gedib-gələn azərbaycanlıları qarət edir, silahlarını əllərindən alır və bu keçidləri tədricən bütünlüklə azərbaycanlıların üzünə bağlayırdılar. Bu quldur dəstələri getdikcə daha mütəşəkkil hərbi birləşmələrə çevrilirdi. 1918-ci ilin yazında ermənilərin törətdiyi müsəlman qətliamı geniş və kütləvi miqyas almışdı. Bakıda azərbaycanlılara qarşı qırğınlar martın 30-dan aprelin 2-si gecədən xeyli keçənədək davam etmişdi. Üç gün ərzində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilib, “Kaspi” mətbəəsi, “Açıq söz” qəzetinin redaksiyası, “İsmailiyyə” binası yandırılıb. Amma yalnız Bakıda törətdiyi qanlı hadisələrlə kifayətlənməyən daşnak-bolşevik qüvvələri Azərbaycanın qəzaları üzrə yerli əhaliyə qarşı kütləvi qırğınlar həyata keçirdi. Cənubi Azərbaycan, Şərqi Anadolu da həmin vaxt eyni aqibəti yaşayırdı. Rus Milli Şura üzvünün yazdığına görə, “qan və göz yaşları hesabına “böyük Ermənistan” yaradılır”dı.
Ümumiyyətlə, 1918-ci ilin mart-aprel ayları ərzində 50 min nəfərdən çox türk-müsəlman əhali qəddarcasına qətlə yetirilib.
“Azərbaycanlılara qarşı törədilmiş qırğınları təhqiqat məqsədilə Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü ilk və mühüm iş Fövqəladə Təhqiqat Komissiyasının yaradılması oldu. Komissiyanın hazırda dövlət arxivində saxlanılan materialları ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qırğınları sübut edən ilk mənbələrdir. Eyni mahiyyətdə cinayətləri sonrakı mərhələlərdə də, Azərbaycan xalqına yaşadan ermənilər təcavüzkar fəaliyyətlərini davam etdirərək Xocalı soyqırımını törətdilər. Məhz bu baxımdan “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərman, sənəddə göstərildiyi kimi “tarixin hökmü” sayılmalıdır. Tarixi cinayətləri törətmiş xalqın ənənəvi təxribatlarının, saxtakarlığının, təcavüzünün qarşısına sipər çəkmək, hüquqi və mənəvi məsuliyyətini qəbul etdirmək lazımdır”, - deyə F.Əhmədova bildirib.
Alim qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Vətən müharibəsi zamanı torpaqlarımızı işğaldan azad etdi. Biz böyük Zəfər qazandıq. Düşmənin bəd niyyəti, çirkin məqsədləri gözündə qaldı. Böyük Zəfərimizlə biz tariximizin parlaq səhifəsini yazdıq.