QAN YADDAŞI
Erməni qəddarlığının aynası - Xocalı qırğını...
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı ermənilərin apardıqları soyqırımı siyasətinin faciəli nəticələrindən danışıb.
Rektor 1992-ci il fevralın 25-dən 26-na keçən gecə düşmənin Xocalıda törətdiyi qırğının XX əsrin ən qanlı hadisəsi olduğunu deyib. Bildirilib ki, soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
ADNSU-nun kafedra müdiri, Milli Məclisin deputatı, professor Hüseynbala Mirələmov Xocalı soyqırımının Azərbaycan xalqının qan yaddaşından silinməyəcəyini vurğulayıb. Deputat Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun rolundan bəhs edib. Diqqətə çatdırılıb ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində bu qanlı faciə ilə bağlı məlumatlar dünya ictimaiyyətinə çatdırılır.
Kafedra müdiri, professor Camal Mustafayev və digər çıxış edənlər də erməni qəddarlığından bəhs ediblər.