ORDU
Erməni tərəfinin törətdiyi təxribatların qarşısı alınıb və düşmən xeyli itki verib VİDEO
Bakı, 19 mart, AZƏRTAC
Qoşunların təmas xəttində guya Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən təxribat törədilməsi barədə Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar həqiqətə uyğun deyil və dezinformasiya xarakteri daşıyır.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 19-da cəbhədə baş vermiş silahlı toqquşma nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq onun 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb.
Ermənistanın Müdafiə Nazirliyi cəbhədə ölən əsgərlərin analarının ölkənin hərbi-siyasi rəhbərliyinə qarşı qəzəbinin artmasından ehtiyat edərək uğursuz hərbi əməliyyatlar və itkilər barədə məlumatları qəsdən gizlədir, ictimaiyyətin fikrini yayındırmağa çalışır.
Silahlı Qüvvələrimizin tank bölmələrinin heyətləri qarşısında çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov son vaxtlar Ermənistan silahlı qüvvələrinin cəbhədə vəziyyəti gərginləşdirmək niyyəti daşıyan təxribatlarına cavab olaraq bildirib ki, düşmən özgə torpağına soxulduğunu və sağ-salamat qalmasının yeganə yolunun işğal etdiyi Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməkdə olduğunu birmənalı şəkildə anlamalıdır. Əks-təqdirdə düşmənin cəbhədəki hər bir hərəkətinin qarşısı hərbi qulluqçularımız tərəfindən daha amansızcasına alınacaq, vurulacaq zərbə ölümcül olacaq.
Müdafiə Nazirliyi bildirir ki, cəbhədəki döyüş toqquşması barədə təsdiqləyici materiallar əlavə olaraq təqdim ediləcək.