REGİONLAR
Erməni terroru zamanı şəhid olan Arzu Əsədovanın xatirəsinə inşa edilən bulaq açılıb VİDEO
Beyləqan, 18 may, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi zamanı erməni hərbi birləşmələrinin dinc əhaliyə qarşı təxribatı nəticəsində şəhid olan mülki vətəndaş Arzu Əsədovanın xatirəsinə inşa edilən bulaq açılıb. Bulaq kompleksinin açılışında rayon icra hakimiyyətinin əməkdaşları, şəhid ailələri, təhsil işçiləri, şagirdlər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi anılıb. Bildirilib ki, 44 günlük müharibə zamanı qüdrətli Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən Ermənistan hərbi birləşmələri döyüş meydanından kilometrlərlə uzaqda olan yaşayış məntəqələrini raketlərlə atəşə tuturdu. Həmin təxribatlar zamanı mülki əhali arasında da həlak olanlar oldu.
Diqqətə çatdırılıb ki, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq 2020-ci il oktyabrın 3-də dinc azərbaycanlı əhaliyə qarşı növbəti terror həyata keçirib. Beyləqan şəhərində dinc əhalinin yaşayış evləri həmin gün növbəti dəfə ağır artilleriyadan atəşə tutulub. Şəhər sakinləri Əsədova Arzu İsgəndər qızı və bacısı İsmayılova Zülfiyyə İsgəndər qızı yaşadıqları evə mərmilərin düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olublar. Şəhərin müxtəlif yerlərinə düşmüş top mərmiləri nəticəsində şəhər sakinləri Balakişiyev Etibar Təvəkkül oğlu və Bəşirova Sevda Yaşar qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər. Eyni zamanda, çoxsaylı yaşayış evinə külli miqdarda ziyan dəyib.
Açılış mərasiminin sonunda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.