REGİONLAR
Erməni terrorunun şahidi: Bir də gördük ki, hər yeri torpaq örtdü, elə bildik ölmüşük FOTO VİDEO
Gəncə, 4 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin Gəncəni ilk dəfə raket atəşinə tutmasından iki il ötür.
2020-ci il oktyabrın 4-də şanlı Vətən müharibəsinin getdiyi Qarabağ bölgəsindən uzaqda – Gəncə şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mülki əhali hədəfə alındı. Təxminən səhər saat 10 radələrində raket hücumları nəticəsində 1 mülki şəxs həlak oldu, 30-dan çox dinc sakin yaralandı.
Həmin günlərin canlı şahidlərindən biri, raket hücumları zamanı yaralanan Ceyran Musayeva AZƏRTAC-ın bölgə müxbirinə o dəhşətli günlərdən danışıb.
Xoşbəxtlikdən müsahibimizin körpə övladları həmin gün evdə olmayıb. Ancaq özü müxtəlif bədən xəsarətləri alıb, evi isə gözünün önündə dağılıb.
Deyir ki, həmin gün atılan ilk raket çayın kənarına düşmüşdü. Növbəti hücumda isə evləri raket zərbəsinə tuş gəldi. “İlk hücumu eşidəndə zirzəmiyə qaçmışdıq. Bir az keçmişdi ki, ikinci raketin səsini eşitdik. Elə bu vaxt dəhşətli partlayış səsi gəldi, hər yer torpaqla örtüldü, elə bildik ölmüşük. Nə hisslər keçirdik... Allah düşmənə lənət eləsin. Əsgərlərimizlə bacarmadıqları üçün dinc insanları hədəf aldılar”, - deyən Ceyran xanım o dəhşətli günləri bir daha xatırlayır.
Ceyran Musayeva erməni terrorundan əziyyət çəkən bütün mülki sakinlər kimi onların ailəsinin də dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu deyib: “Evimiz, bütün qızıl zinət və məişət əşyalarımız dağıntılar altında itib batdı. Amma dövlətimiz bizi yeni evlə təmin etdi. Məişət əşyaları almaq üçün pul və xeyli yardım göstərdi, bizi tək qoymadı. Buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdarıq”.
44 günlük müharibə dövründə Ermənistan cəbhədən yüzlərlə kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 26 dinc sakin həlak olub, 175 nəfər yaralanıb.
Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Bərdə rayonunda isə 29 nəfər həlak olub, 112 nəfər yaralanıb.
Naftalan şəhərində Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə (5 nəfər) tamamilə məhv olub.
Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb.
12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə, 1018 fermer təsərrüfatına, mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.