REGİONLAR


Erməni təxribatı nəticəsində Cocuq Mərcanlıda dağılan tikililər bərpa olunub

Cəbrayıl, 27 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Erməni təxribatı nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində dağılan evlərin tikinti-bərpası başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dağılan evlərin təmir-bərpası istiqamətində işlər ardıcıl olaraq həyata keçirilir. Hazır olan evlərin əksəriyyəti artıq sakinlərə təhvil verilib.

Ötən il sentyabrın 27-də başlayan erməni təxribatı zamanı Cocuq Mərcanlı da ağır artilleriyadan atəşə məruz qalmışdı. Nəticədə Cocuq Mərcanlı kəndində 47 tikiliyə zərər dəydi. Lakin qısa müddət ərzində ordumuz tərəfindən layiqli cavab verildi, düşmən torpaqlarımızdan çıxarıldı. Qələbədən dərhal sonra ölkə rəhbərliyinin göstərişi ilə dağılan evlərin bərpası və tikintisinə başlanıldı.

Artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində işlər tamamilə yekunlaşıb. Ziyan dəymiş 46 yaşayış evi və qeyri-yaşayış obyekti təmir-bərpa olunub, 1 sahibkarlıq obyekti yenidən tikilərək sahibinə təhvil verilib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonları müxtəlif növ silahlarla, artilleriya və ballistik raketlərlə atəşə tutaraq mülki əhalini və eləcə də infrastruktur obyektlərini hədəf seçərək insanlıq əleyhinə cinayətlər törədib, günahsız şəxslər vəhşicəsinə qətlə yetirib, fərdi yaşayış evlərinə, sosial və iaşə tikililərinə irimiqyaslı zərər vurub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 6 noyabr tarixli Sərəncamına əsasən, dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Dövlət Komissiyası yaradılıb. On bir şəhər və rayon ərazisində yerləşən zərər dəymiş tikililərə baxış keçirilib, qiymətləndirmə aparılaraq təmir-tikintinin ilkin planlaşdırılması işlərinə başlanılıb. Nazirlər Kabinetinin Sərəncamı ilə 11 şəhər və rayon ərazisində yerləşən yaşayış evləri, sahibkarlıq obyektləri və digər təyinatlı tikililərin inşası, təmir və bərpası üzrə sifarişçi funksiyaları, habelə tikinti prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Komitə tərəfindən yanvar ayının 27-dən etibarən ziyan dəymiş şəhər və rayonların ərazisində təmir-tikinti işlərinə start verilib.

Ümumilikdə 11 şəhər və rayon ərazisində 13 mindən çox tikiliyə ziyan dəyib. Dövlət başçısının tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 11 min 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digərlərində işlər qrafik üzrə sürətlə aparılır və onların da yaxın zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün qüvvələr səfərbər olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.