QAN YADDAŞI
Erməni vəhşiliyinin qurbanı olan soydaşlarımızın xatirəsi anılıb
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də “Azərkitab- Kitab Təbliğatı Mərkəzində” 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününün 100-cü ildönümüylə bağlı anım mərasimi keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Dinc azərbaycanlıların qırğınında Bakı sovetinin altı min silahlı əsgəri, eyni zamanda, “Daşnaksütyun” partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak edib.
Qeyd edilib ki, daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmayıb. Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Lənkəran da azərbaycanlıların qırğını törədilib.
Vurğulanıb ki, 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilib. Şamaxı cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılıb və uçurulub.
Qeyd olunub ki, 31 mart soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün hər il dövlət səviyyəsində müəyyən tədbirlər həyata keçirilir. Milli Məclisin dünya parlamentlərinə müraciətində soyqırımı aktının real mahiyyəti, onun soyqırımı kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında əksini tapır.