SİYASƏT
Erməni yalanlarını ifşa edən kitabların ingilis dilində nəşrinin təqdimatı olub VİDEO
Bakı, 23 aprel, Cavid Bədəlov, AZƏRTAC
Aprelin 23-də Azərbaycan Dillər Universitetində (ADU) görkəmli tarixçi, şair və rəssam, musiqişünas alim Mir Möhsüm Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” və Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlının “Erməni məsələsi”ndən “erməni soyqırımı”na: gerçək tarix axtarışında (1724-1920)” adlı kitablarının ingilis dilində nəşrinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbiri açan ADU-nun tədris işləri üzrə prorektoru Vazeh Əsgərov hər iki kitabın universitetin təşəbbüsü ilə ingilis dilinə tərcümə olunduğunu deyib. O, 1915-ci ildə “soyqırımı”na məruz qaldıqlarını iddia edən ermənilərin əslində son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə etnik təmizləmə və soyqırımı həyata keçirdiyini diqqətə çatdırıb.
Mir Möhsüm Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabının ingilis dilinə tərcüməsində böyük rolu olmuş universitetin ingilis dili üzrə tərcümə kafedrasının dosenti Fialə Abdullayeva bu kitabın Azərbaycan xalqının haqq səsini dünya ictimaiyyətinə çatdırmaq baxımından önəmini qeyd edib.
F.Abdullayeva deyib ki, müəllif əsərdə özünün birbaşa şahidi olduğu, etibarlı mənbələrdən eşitdiyi həqiqətləri göstərib. Bu kitabda hərb sənətinə aid, ictimai-siyasi mənşəli bir çox terminlərə də rast gəlinir. Əsərdə İslam dini, mədəniyyətinə aid faktlar da öz əksini tapıb. Kitabda yer almış həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında onun ingilis dilində nəşrinin mühüm rolu olacaq.
AMEA-nın Dünya Siyasəti İnstitutunun böyük elmi işçisi Rahil Nəcəfov professor Musa Qasımlının “Erməni məsələsi”ndən “erməni soyqırımı”na: gerçək tarix axtarışında (1724-1920)” kitabı haqqında məlumat verib. O bildirib ki, bu kitab Azərbaycan və türk dünyası üçün çox önəmlidir. Erməni lobbisinin və bəzi qüvvələrin tarixdə olmayan bir “soyqırımı”nı dünya ictimaiyyətinə qəbul etdirmək istiqamətində səyləri göz qabağındadır. Bu kitab hazırlanarkən xeyli arxiv mənbələrindən - ABŞ, Rusiya, Fransa, Gürcüstanın dövlət arxivlərində olan orijinal sənədlərdən, çoxsaylı dillərdə ədəbiyyatlardan istifadə edilib. 1724-cü ildən 1920-ci ilədək ermənilərlə bağlı proseslərin bütün təfərrüatları faktlar əsasında kitabda öz əksini tapıb. Bu əsərin oxucusu tam yəqin edir ki, ermənilərin vahid vətəni olmayıb. Müxtəlif güclərin siyasətləri nəticəsində onlar yerdəyişmələr ediblər və harada olublarsa orada özlərindən sonra mədəniyyət, sivilizasiya deyil, məhz qan, müharibələr qoyublar.
Milli Məclisin deputatı, əməkdar jurnalist Sahib Alıyev deyib ki, hər iki kitabın təqdimatının ermənilərin qondarma “soyqırımı”nın, qardaş Türkiyə xalqının isə Çanaqqala zəfərinin 100 illiyini qeyd etdiyi ərəfədə keçirilməsi önəmlidir. O vurğulayıb ki, “erməni məsələsi”nin hazırda dünyada bu qədər səs-küy salması səbəbsiz deyil. “Soyqırımı” iddialarının dünyada yayılmasında ermənilərin özlərindən çox maraqlı olan qüvvələr var.
Deputat “erməni soyqırımı” ilə bağlı saxta məlumatların əksini tapdığı çoxlu sayda kitabın nəşr edilib yayıldığını diqqətə çatdıraraq Türkiyənin də 1915-ci il hadisələri haqqında həqiqi faktların yer aldığı, ermənilərin iddialarını ifşa edən daha çox nəşrlər hazırlamasının vacibliyini qeyd edib.
S.Alıyev bildirib ki, bu gün təqdimatı keçirilən kitabların daha çox Asiyada, xüsusilə müsəlman ölkələrində yayılmasına ehtiyac var. Çünki Qərb ölkələrində əslində nəyin baş verdiyi barədə məlumatlar var. Bu gün Ermənistanın, erməni millətinin heç bir dəyəri yoxdur, bu ölkə, bu millət sadəcə bir alətdir.
Milli Məclisin deputatı deyib: “Kitabda da qeyd olunduğu və faktların da göstərdiyi kimi, başqa milllətlərdə terror aktlarına cəlb olunanlar adətən savadsızlar, mövhumatçılar olurlarsa, Ermənistanda terrorçular müəllimlər, keşişlər olublar. Əgər bir ölkənin kilsəsi silah anbarı, keşişi əli silahlı terrorçu olubsa təbii ki, onun yaratdığı dövlət də terrorçu dövlət olacaq”.
S.Alıyev qeyd edib ki, bu gün biz erməni yalanlarını ifşa edən belə sənədləri, həqiqəti əks etdirən faktları dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırmalıyıq.
Müzakirələr zamanı çıxış edənlər bildiriblər ki, bu gün bütün dünyanı aldatmağa çalışan ermənilərin əslində özləri azərbaycanlılara və türklərə qarşı soyqırımı həyata keçiriblər.
Tədbirin bədii hissəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanovun hazırladığı “Çanaqqala 100: Qardaş köməyi” sənədli filminin və “Çanaqqala türküsü” klipinin təqdimatı keçirilib.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli mərasimdə çıxış edərək deyib ki, Çanaqqala döyüşü Birinci Dünya müharibəsinin ən mühüm tarixi hadisələrindən idi. Çünki qarşıya Türkiyənin bölünməsi məsələsi qoyulmuşdu. Məqsəd İstanbulun, Bosfor, Dardanel boğazlarının, daha sonra Osmanlı imperiyasının tərkibində neftlə zəngin ərazilərin ələ keçirilməsi idi. Tarixçilər bu döyüşdə türklərin və Qafqaz müsəlmanlarının iştirakını düzgün araşdırmalıdırlar.
Ə.Hüseynli qeyd edib ki, Azərbaycan türkləri və Türkiyəyə mühacirət etmiş Qafqazın digər müsəlman xalqlarının nümayəndələri Çanaqqala savaşında birlikdə döyüşüblər. Bütün müsəlmanlar bu mücadiləyə qoşulmasalar da, Osmanlı və Azərbaycan türkləri Çanaqqala savaşında çiyin-çiyinə vuruşublar. Birinci Dünya müharibəsində türklərin gələcəkdə respublika qurmaq, o cümlədən Azərbaycan ziyalılarının müstəqillik əldə etmək arzusu qardaş xalqlarımızı birləşdirirdi. Məhz o zəfər yolu sonradan Türkiyədə respublika və Azərbaycanda müstəqil dövlətin yaranmasına gətirib çıxarıb. Beləliklə tamamilə yeni bir ideyanın formalaşması Çanaqqala döyüşündə də azərbaycanlıları və türkləri birləşdirmiş oldu. Bu mücadilədə qardaş xalqlarımız əsl birlik nümayiş etdirdi. Sadə zəhmətkeş azərbaycanlılardan tutmuş milyonçulara qədər hər kəs əlindən gələn yardımla Çanaqqala savaşında türklərə dəstək nümayiş etdirdi. Bu birlik öz nəticəsini verdi. Türkiyə həmin döyüşdə zəfər qazandı. Cəmi bir neçə il sonra Qafqaz İslam Ordusu Bakıda bolşevik-daşnak işğalçılarına qarşı mübarizədə azərbaycanlılara öz qardaşlıq köməyini göstərdi.
“ASAN Könüllüləri” Gənclər Təşkilatının sədri Fərid Sadıxlı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək Çanaqqala döyüşünün türk xalqlarının birliyini, mərdliyini bir daha sübut etdiyini söyləyiblər.
F.Sadıxlı Prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı Çanaqqala zəfərinin araşdırılmasının zəruriliyi ilə bağlı fikilərindən sonra belə bir sənədli filmin çəkilməsi qərarının verildiyini diqqətə çatdırıb. O, layihənin həyata keçirilməsinə “ASAN xidmət” könüllülərinin dəstək verdiklərini bildirib.
Sonra film nümayiş etdirilib.
Çanaqqala savaşında həlak olmuş türk əsgərlərinin və azərbaycanlı könüllülərin xatirəsinə həsr olunan filmdə tarixi faktlar tamaşaçıların diqqətinə çatıdırılır.
Təqdimat mərasimində müğənni Sevda Ələkbərzadə “Çanaqqala türküsü”nü ifa edib.