SİYASƏT
Ermənidən betər Fransa və Kanada
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyəti, dəmir iradəsi, yüksək diplomatik səriştəsi, liderlik keyfiyyətləri ilə istər işğalçı dövlətin, istərsə də onun havadarlarının illər ərzində qurduqları planları yerlə bir etdi. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərbi və siyasi qələbəsi kimi tarixə qızıl hərflərlə yazılmaqla yanaşı, həm də bütün dünyaya Azərbaycan xalqının qürurlu və məğlubedilməz xalq olduğunu bir daha nümayiş etdirdi. Eyni zamanda, Azərbaycanda hökm sürən güclü Prezident-Xalq-Ordu vəhdəti göstərilən təzyiqləri dəf etməyə imkan verdi. 17 illik prezidentliyi dövründə hər zaman Azərbaycanın milli maraqlarını rəhbər tutan dövlət başçımız xalqının qürurunun tapdanmasına imkan vermədi. Azərbaycanın şücaətli oğulları canı-qanı bahasına torpaqlarımızı azad etdi.
Bu fikirləri AZƏRTAC-a politoloq Şəbnəm Həsənova bildirib.
Politoloq qeyd edib ki, müharibə dövründə bəzi ölkələrdən Ermənistana silah daşınması ilə əlaqədar çoxsaylı faktlar olmasına baxmayaraq, müxtəlif kanallarla bütün siyasi təzyiqlərə sinə gərən Azərbaycan Prezidenti ölkəmizin diktə etdiyi şərtlərlə münaqişənin həllini mümkün etdi. Buna baxmayaraq, Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş torpaqlarının 30 ilə yaxın davam edən işğalını, yüz minlərlə azərbaycanlının insan hüquqlarının pozulmasını görməyən, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsini dəstəkləyəcək hər hansı bəyanatla çıxış etməyən Fransa və Kanada verdikləri bəyanatlarla bölgədə dayanıqlı sülhün təmin olunmasını sual altında qoymaq istəyirlər. Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi mandatına uyğun olaraq neytral mövqe nümayiş etdirməli olduğu halda, tamamilə qərəzli, birtərəfli və açıq-aşkar ermənipərəst mövqe əks etdirdi. Onun belə bir qərəzli bəyanatla çıxış etməsi bir tərəfdən Azərbaycanın parlaq qələbəsini həzm edə bilməməsidirsə, digər tərəfdən Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatının qəbul edilməsində hər hansı rolunun olmamasıdır. Açıq görünür ki, Fransa Rusiyanın bu məsələdə rolundan qısqanclıq keçirir. Baxmayaraq ki ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması Fransanın vəzifəsi idi, bu illər ərzində bu dövlət heç bir addım atmadı, əksinə, işğalçı dövləti dəstəklədi. Qələbəni həzm edə bilməyən Fransa o qədər erməni xislətli siyasət yürüdür ki, işğaldan azad edilmiş tarixi Şuşa şəhərini hələ də “Şuşi” adlandırır.
Kanadaya gəldikdə isə aydındır ki, çox uzaqda yerləşən, xalqların və münaqişənin tarixinə bələd olmayan bu dövlət regionda sülh və təhlükəsizliyin təmin olunmasında bölgə ölkələrindən daha çox maraqlı ola bilməz. Ümumiyyətlə, Kanada kimi bir dövlət verdiyi açıqlamalarda beynəlxalq hüququn prinsiplərinin aliliyini rəhbər tutmalıdır. Bölgədə dayanıqlı sülhün təmin olunmasına mane olan hər hansı bir açıqlamanın verilməsi Kanadanın bir dövlət kimi beynəlxalq münasibətlər sistemində imicinə də xələl gətirir.
“Xüsusi qeyd olunmalı bir məsələ də radikal müxalifətin indi Fransa və digər ermənipərəst ölkələrdən yeni təlimat alaraq Azərbaycana qarşı olan tezislərlə çıxış etməyə başlamasıdır. Bu davranış heç də təsadüfi xarakter daşımır. Müharibənin əvvəlində özlərini xalqa vətənpərvər kimi təqdim edən bu insanlar indi müxtəlif bəhanələrlə əldə olunan tarixi Qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər ki, bu da mümkünsüzdür. Azərbaycan xalqı çoxdan kimin kim olduğunu, kimin hansı mənsəbə qulluq etdiyini gözəl bilir. Xalqımız Müzəffər Ali Baş Komandamızın rəhbərliyi ilə qazanılan tarixi Qələbənin əhəmiyyətini gözəl bilir və bunu çox yüksək qiymətləndirir. Uzun illərdir xalqımızın çəkdiyi torpaq həsrətinə son qoyan, bizə bu tarixi qələbəni qazandıran məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevdir”, - deyə Ş.Həsənova bildirib.