CƏMİYYƏT
Ermənilər Şuşa həbsxanasını dəhşətli işgəncələr və qətllər məkanına çevirmişdilər - Polkovnik

Bakı, 6 iyun, AZƏRTAC
Şuşa həbsxanası ərazisində kütləvi məzarlığın aşkar olunması erməni faşizminin vandallığını, xalqımıza qarşı törətdiyi soyqırımı, etnik təmizləmə siyasəti və insanlıq əleyhinə müharibə cinayətlərini təsdiq edən nə birinci, nə də sonuncu tapıntı deyil. Bu gün dövlətimiz Ermənistanın törətdiyi müharibə cinayətlərini hərtərəfli araşdırır. Şuşada aşkarlanan insan qalıqları bundan əvvəl aşkarlanmış Başlıbel, Fərrux, Edilli istiqamətlərindəki kütləvi məzarlıqların davamıdır. Ermənistan dinc azərbaycanlı əhaliyə, eləcə də əlinə düşmüş azərbaycanlı hərbi əsirlərə qarşı törətdiyi müharibə cinayətlərinə görə məsuliyyətdən qaça bilməyəcək.
Bu fikirləri Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani AZƏRTAC-a açıqlamasında deyib.
Polkovnik xatırladıb ki, hələ 1994-cü ildə çap olunmuş “Murovun qəm karvanı” adlı kitabında Şuşa həbsxanasında əsirlik həyatı yaşamış Bərdə rayonunun Qaradəmirçi kəndindən olan Mikayıl Musa oğlu Abutalıbovla müsahibəyə də geniş yer ayırıb. Mikayıl 1993-cü ilin fevralında 25 döyüşçü ilə birlikdə Ağdərə uğrunda erməni quldurlarına qarşı son gülləsinədək vuruşub. Onlardan 22-si şəhid olub. Yaralı vəziyyətdə mühasirəyə alınan Mikayıl, Zahid və Eldar isə əsir götürülüblər. 12 gün ərzində ağır yaralı olmalarına baxmayaraq, onlara olmazın işgəncələr verilib, qeyri-insani rəftara məruz qalıblar.
Xankəndində Qarabağın qondarma müdafiə nazirinin otağında onların qıçları, qolları sındırılıb, alçaldılıblar. Zahidlə Eldar kabinetdəcə döyülə-döyülə öldürülüb. Həmin gün Şuşaya aparılan Mikayıl həmin günləri belə xatırlayır: “Məni dağıdılmış qəbiristanlığa gətirdilər. Əlimə də bir bel vermişdilər. Düşünürdüm ki, yəqin özümə qəbir qazdıracaqlar, lakin belə olmadı. Bir azdan yük maşınında qubalı Zahidin meyitini gətirdilər, Eldardan isə xəbərim olmadı. Əllərim dona-dona qəbir qazdım. Zahidi pal-paltarlı torpağa tapşırdım. Adyala bükməyə də qoymadılar. Nitqim qurumuşdu. Əli avtomatlı, saqqallı erməni çığırdı ki, “indi də özünə qəbir qazmalısan”. Əllərim əsə-əsə iki bel vurmuşdum ki, “axşamdı, qalsın sonraya, düş qabağıma!” deyib məni Şuşa həbsxanasına gətirdilər.
Mikayıl Şuşa həbsxanasında başına gətirilən müsibətlərdən danışaraq deyir: “Mayın 4-ü idi, şiddətli yağış yağırdı. Məni kameradan çıxardılar ki, qohumun gəlib, sevindim. Cəld bayıra çıxdım. Elə qapıdaca kök, qara saqqallı bir oğlanla qarşılaşdım. Dedi: - Məni tanıyırsan? Cavab verdim ki, yox. Dedi: - Özünü tülkülüyə qoyma. Sən məni tanımamış olmazsan. And içdim, aman elədim, inanmadı. Köynəyinin yaxasını açaraq yaralı sinəsini göstərdi və yenə soruşdu. Başımı silkələyərək “yox” işarəsini verdim. Daha da qəzəbləndi. Çığırdı ki, səni indi öz günümə salaram, onda məni tanıyarsan.
Sonra cibindən çıxardığı bıçağın düyməsini sıxdı, bıçağın tiyəsi əfi ilan kimi yuvasından sıçradı. Bıçağı düz xirtdəyimə dayadı: - Nə deyirsən, əvvəl qulağını kəsim, ya burnunu? Bəlkə əvvəl dilindən başlayım? Daha yaxşısı budur ki, gözlərini çıxardım, bu əzab-əziyyətləri görməyəsən. Nə deyirsən, haradan başlayım? Səni tikə-tikə doğrayacağam!...
Bıçağı ovcunda bərk-bərk sıxaraq başıma döyəcləməyə başladı. Bir an içində başım, üz-gözüm qanıma bulaşdı. Sonra məni binanın küncündəki novdanın yanına gətirdi. Məcbur elədi ki, başını novdanın altına sox. Çənəm düz asfalt döşəməyə dəyirdi. Yağış da kəsdi. Lakin hələ də başımdan qan süzülürdü.
“Bu gün bəsindi, onsuz da sabah səni tikə-tikə doğrayacağam” deyib məni öz kamerama gətirdi.
Mikayıl əsirlərə verilən işgəncələrdən danışarkən həyəcanını gizlədə bilmir və həmin ağrı-acıları sanki yenidən yaşayırdı. “Kəlbəcərli bir qoca var idi. Günün günorta çağı hamının gözü qarşısında güllələdilər. Adını da qoydular ki, bir yumurta oğurlayıb. Yazıq kişi heç yerindən də tərpənə bilmirdi. Uzun müddət Kəlbəcərdə mühasib işləmiş Mehdi kişini də döyüb öldürdülər. Vallah əsirlərə elə işgəncələr verirdilər ki, yatsaydım, yuxuma da girməzdi.
Ağdamın Ətyeməzli kəndindən 16 nəfər əsir gətirmişdilər. Şuşanın Həsənabad kəndində şitilliklərdə işlədirdilər. Şuşa həbsxanasında onlara verilən əzab, işgəncə barədə danışmaq mənim üçün çox çətindir. Ağdamın yol idarəsində işləmiş bir kişinin başına hansı oyunları açmadılar. O ki, var döydükdən sonra isladıb soyuducuya saldılar. Rəhmətlik donub öldü. İmişlidən olan Valehə isə o qədər işgəncə vermişdilər ki, dözməyib intihar etdi. Ağdamlı bir montyor var idi. Onu Şuşada, anasını isə Xankəndində əzabla öldürdülər. Ailəsi ilə birlikdə əsir götürülmüş Füzuli rayonundan olan Vaqifi də soyuducuya salıb dondurdular. Beyləqanlı İlqarın ölümünü isə heç vaxt unutmayacağam. 19 yaşı tamam olmamış bu gənc döyülməkdən haldan düşmüşdü. Bir gün işə çıxa bilmədi, qızdırmanın içində qovrulurdu. Baş nəzarətçi Slavik onu döyə-döyə kameradan çıxardaraq düz bir həftə ona işgəncə, əzab verdilər. Can verəndə həkim çağırdılar. Əsirlər üstündə qeyri-adi cərrahi əməliyyatlar aparan Qor adlı həkim gəldi. Qor da hərdən başımızın üstündə nəzarətçi dururdu. Dedi ki, mən onu müalicə edəcəyəm. Əvvəl İlqarı təpiklədi, sonra gətirdiyi araq butulkasını heç vaxt içki içməyən İlqarın ağzına dayadı və əmr etdi ki, “iç, nə gözlərini döyürsən, iç böyük Ermənistan imperiyasının sağlığına”. Qor İlqarın başına bir neçə təpik vurub getdikdən sonra Rasel adlı tibb bacısı gəldi. “Bu hələ gəbərməyib?”,- deyə İlqarın qarnına bir neçə təpik vurdu.
Rasel çox hiyləgər və fahişə qadın idi. Kimdən xoşu gəlirdisə, həmin əsiri öz otağına aparar, onunla bir yerdə gecələyər və tezliklə də onların aradan götürülməsinə nail olardı. İlqara da son nəfəsində işgəncələr verdi. İlqar gözlərimizin önündə baxa-baxa dünyasını dəyişdi.
Mikayıl bakılı elektrik Azadın faciəli şəkildə öldürülməsindən danışır, əsir götürülən qadınlara, qocalara, uşaqlara qarşı Şuşa həbsxanasında törədilən vəhşilikləri unuda bilmir...
Şuşa həbsxanası ərazisində aşkar edilən kütləvi məzarlıq əsirlikdən qaçan Mikayıl Abutalıbovun dediklərini bir daha təsdiq edən maddi sübutdur. Erməni vandalları, vəhşiləri gec-tez bu cinayətlərə görə dünya qarşısında cavab verməli olacaqlar.