ELM VƏ TƏHSİL


Ermənilər düşdükləri quyudan necə çıxacaq?

Bakı, 4 may, AZƏRTAC

Tarixdə heç vaxt dövləti olmayan və ancaq ayrı-ayrı ölkələrdə kilsə icması şəklində mövcud olan ermənilərə, nəhayət, 1918-ci ilin mayında Azərbaycan Milli Şurasının razılığı ilə qədim Azərbaycan şəhəri olan İrəvan paytaxt olmaqla İrəvan xanlığının 9 min kvadratkilometr ərazisində ilk erməni dövləti yaratmağa imkan verildi. Ermənipərəst sovet rejimi tarixi Qarabağ xanlığının Zəngəzur mahalının qərb torpaqları, Naxçıvan xanlığının Dərələyəz mahalı, Gəncə xanlığının Şəmşəddil sultanlığı, Qaraqoyunlu və Dilican dərələri, Borçalı mahalının dağlıq hissəsi və s. Azərbaycan əraziləri hesabına bu qondarma “Ermənistan dövləti”nin sahəsini böyüdüb 29,8 min kvadratkilometrə çatdırdı. Bununla da kifayətlənməyən ermənilər Azərbaycanın sərhəd ərazilərini qanunsuz zəbt etməkdə davam etdilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərov bildirib. O qeyd edib ki, Azərbaycan Müvəqqəti İnqilab Komitəsi (MİK) Moskva (1921-ci il 16 mart) və Qars (1921-ci il 13 oktyabr) müqavilələrində göstərilən sərhədlərin müqaviləni imzalayan tərəflərin razılığı olmadan pozulması barədə dəfələrlə (12 dekabr 1925-ci il, 8 noyabr 1926-cı il, 8 yanvar 1927-ci il və s.) Zaqafqaziya MİK-ə, Ermənistan MİK-ə müraciət edərək bu sahədə qayda-qanun yaradılmasını tələb etdi, “Ermənistanla Naxçıvan ölkəsi arasında sərhədin Zaqafqaziya respublikaları ilə Türkiyə Böyük Millət Məclisi arasında 1921-ci ildə bağlanmış müqavilələr əsasında Zaqafqaziyanın 5 verstlik xəritəsi üzrə müəyyənləşdirildiyini” xatırlatsa da, buna əhəmiyyət verilmədi. Əksinə, 1929-cu il fevralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin qərarı ilə 1921-ci il Qars müqaviləsinin iştirakçısı olan Türkiyə Cümhuriyyəti ilə razılaşdırmadan qanunsuz olaraq Naxçıvana məxsus olan Qarçevan, Qurdqulaq, Horadis, Oğbin, Ağxaç, Dağın-Almalı, Almalı, İtqıran, Sultanbəy kəndləri və Kilid kəndinin bir hissəsi Ermənistan SSR-nin tərkibinə qatıldı. Həmin ərazilərin ümumi sahəsi 657 kvadratkilometr təşkil edirdi.

Bundan başqa, həmin vaxt Azərbaycanın Cəbrayıl qəzasının Nüvədi, Eynəzir və Tuğut kəndləri Ermənistan SSR-nin Meğri rayonuna verildi və Ermənistanın İranla sərhədi daha 14 km böyüdüldü.

Bütün bunlar Azərbaycan ərazisinin ermənilər tərəfindən zaman-zaman işğalı faktıdır və Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası zamanı mütləq bu işğalın nəticələri ləğv edilməlidir.

44 günlük Vətən müharibəsindən sonra ortaya çıxan reallıq – erməni vandalizminin arxasınca buraxdığı saysız-hesabsız xarabalıqlar, vəhşilik və rəzalət sübut edir ki, bu toplum insanlığa və insanlara fəlakətdən başqa heç nə gətirməyib.

Müharibədən ötən 6 ay ərzində Azərbaycan bütün region və dünya ölkələri ilə əməkdaşlıq siyasətini davam etdirərək, hətta Azərbaycana qarşı düşmənçilik siyasətindən, vandalist düşüncədən uzaqlaşa bilməyən Ermənistana belə bu əməkdaşlıqdan yararlanmaq şansı yaradaraq irəliləyir, ermənilərin yer üzündən sildiyi yaşayış məntəqələrimizi bərpa edir, yollar çəkir, beynəlxalq aeroportlar tikir. Başqa sözlə, bir tərəfdə qalib Azərbaycan dövləti, qalib Azərbaycan Ordusu, digər tərəfdə düşdüyü məğlub və rəzil durumu dəyərləndirə bilməyərək hələ də revanşist xəyallarla yuxusunda “dənizdən-dənizə Ermənistan” görən, təxribat və terroru dövlət siyasətinə çevirən xəstə erməni siyasətçiləri və həyat tərzinə çevirən siyasiləşmiş ermənilər.

Deputat deyib :“Yüz illərdir Ermənistana və ermənilərə yel verib, əlinə bel verən havadarları da bu gün dərk edirlər ki, oturduğu budağı öz əlləri ilə kəsən bu şüursuz toplumun düşdüyü quyunun dibindən çıxmasının yeganə yolu həmin quyuya sallanmış xilas ipidir və bu ipi Zəngəzur dəhlizi boyu erməniyə uzadan yenə də Azərbaycandır və təbii ki, bu ipin ucu da Azərbaycanın əlindədir. Erməni ya bu ipdən tutub o quyudan çıxacaq, ya da özünün kini, küdurəti ilə o quyunun dibində öz pisliyində məhv olacaqdır. Maraqlıdır ki, bunu hamı başa düşür, ermənilərin özündən başqa. Bəlkə ermənilər ağlını itirib, axı atalar deyib ki, Allah birini bədbəxt eləyəndə əvvəl onun ağlını əlindən alır. Zatən ermənilər özləri də ağıllı xalq olmadıqlarını həmişə etiraf ediblər və deyiblər ki, kaş müsəlmanın ağlı bizdə olaydı. Nə deyirəm, Allah ağıl versin!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.