ELM VƏ TƏHSİL
Ermənilər hər zaman Azərbaycanın mədəni sərvətlərini mənimsəməyə cəhd göstəriblər
Bu fikir ADU-da “XIX-XX əsr erməni fitnəkarlığı: Azərbaycan dilinə və mədəniyyətinə münasibət” mövzusunda keçirilən “dəyirmi masa”da səsləndirilib
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 23-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilçiliyi kafedrası və azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “XIX-XX əsr erməni fitnəkarlığı: Azərbaycan dilinə və mədəniyyətinə münasibət” mövzusunda “dəyirmi masa” keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə erməni fitnəkarlığından danışan filologiya və jurnalistika fakültəsinin dekanı, dosent Vüsalə Ağabəyli XIX-XX əsrlərdə Azərbaycan xalqının üzləşdiyi faciələrdə erməni amansızlığının böyük rolu olduğunu vurğulayıb: “Uzun müddət Azərbaycan ərazisində yaşayan ermənilər əzəli torpaqlarımız hesabına öz dövlətlərini qurmağa çalışıblar. Onların bu yolda atdığı mənfur addımlar ancaq insan amili ilə deyil, eyni zamanda, mədəniyyət, incəsənət və tarixin məhv olması ilə nəticələnib”, - deyə alim bildirib. Fakültə dekanı deyib ki, ermənilər özlərini dünya ictimaiyyətinə mədəni xalq kimi göstərsələr də, onların törətdiyi soyqırımı barbar xalq olduqlarını bir daha sübut edir.
Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev erməni fitnəkarlığının XIX əsrin əvvələrində geniş vüsət aldığını söyləyib və həmin dövrdə baş verən hadisələrdən danışıb. A.Babayev bildirib ki, 1905-ci il inqilabı və 1918-ci il hadisələri erməni terrorunun bariz nümunəsidir.
Azərbaycan dilçiliyi kafedrasının dosenti Afət Cəfərova və həmin kafedranın müəllimləri Aytac Rüstəmli, Sərinə Rəhimova mövzu ilə bağlı fikirlərini bölüşüblər. Qeyd edilib ki, özünəməxsus mədəniyyəti olmayan ermənilər hər zaman Azərbaycanın mədəni sərvətlərinə hücum çəkərək onu mənimsəməyə cəhd göstəriblər.
“Dəyirmi masa” müzakirələrlə davam edib.