SİYASƏT
Ermənilər media nümayəndələrinə qarşı növbəti təxribata əl atıblar
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Ordusu tərəfindən döyüş meydanında ardıcıl olaraq məğlubiyyətə uğrayan Ermənistan informasiya müharibəsində də hər cür təxribata əl atmaqdadır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu dəfə düşmən yerli media nümayəndələrini hədəf alıb.
Azərbaycandan olan bir qrup jurnalist və bloggerlərə Avropa ölkələrinin mobil operatorlarına məxsus nömrələrdən, “WhatsApp” üzərindən "iş təklifi" bəhanəsi ilə mesajlar daxil olub. Mesajların mətnində yüksək maaş qarşılığında jurnalistlərə cəbhəyanı bölgələrdə müxbir, reportyor "işləri" təklif olunub. Dırnaqarası iş təklifinin əsas mahiyyəti müharibə zonasından video və fotolar çəkilərək onlara göndərilməsidir.
Nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, göndərilən mesajlar təxribat xarakteri daşıyır. Xidmət yerli media orqanlarının nümayəndələrini bu kimi hallarla qarşılaşdıqları zaman maksimum diqqətli olmağa, ermənilərin ölkəmizə qarşı çirkin niyyətlərinə nail olmasına imkan verməməyə çağırır.
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları üzləşdikləri istənilən kibertəhlükə və kiberinsidentlərlə bağlı qurumun rəsmi veb-resursu olan “cert.az” saytı, “[email protected]” email ünvanı, “1654” “qaynar xətti” və sosial şəbəkə hesablarına müraciət etməyə səsləyir.