SİYASƏT
Ermənilərin Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və soydaşlarımıza qarşı zorakılığı cinayət məsuliyyəti doğuran əməllərdir
Bakı, 30 iyul, AZƏRTAC
Silahlı Qüvvələrimizin Ermənistanın hərbi təxribatına layiqli cavab verməsi Azərbaycan cəmiyyətində vətənpərvərlik ruhunu daha da yüksəldib. Eyni zamanda, xaricdə yaşayan soydaşlarımız bu günlərdə dövlətimizlə, ordumuzla həmrəylik nümayişləri keçirərək düşmənin işğalçılıq siyasətini, Tovuz istiqamətində törətdiyi növbəti təxribatı pisləyir, ordumuza, dövlətimizə dəstək nümayiş etdirirlər. Soydaşlarımızın yaşadıqları ölkələrin qanunları çərçivəsində belə dinc aksiyalar keçirmələri onların vətənpərvərliyini təcəssüm etdirməklə yanaşı, həm də müstəsna hüquqlarıdır. Ermənilərin isə xaricdə yaşayan soydaşlarımızın keçirdikləri dinc aksiyalara dözümsüz yanaşmaları onların əsl simasını, terrorçu niyyətlərini açıb göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, son vaxtlar Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland və Belçikadakı diplomatik nümayəndəliklərinə, həmçinin dinc aksiya keçirən soydaşlarımıza qarşı radikal erməni qüvvələri tərəfindən aqressiv təxribatçı əməllər törədilir. Dövlət sərhədinin Tovuz istiqamətində törədilən son təxribatın bütün məsuliyyətinin düşmən dövlətin hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirən komitə sədrinin müavini deyib: “Eyni zamanda, respublikamızın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə, aksiya keçirən dinc azərbaycanlılara qarşı törədilən təxribat və terror hadisələri də Ermənistan rəhbərliyinin təşəbbüsü ilə baş tutur. Rəsmi Yerevan xarici ölkələrdə azərbaycanlılara qarşı terroru sanksiyalaşdırıb və beynəlxalq miqyasda ermənilərin azərbaycanlılara qarşı yeni terror dalğası başlayıb”.
Qeyd olunub ki, işğalçı dövlətin baş naziri Nikol Paşinyan, əslində, azərbaycanlılara qarşı yeni etnik müharibə elan edib. İşğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistan silahlı qüvvələri Azərbaycanla açıq döyüşlərdə uğur qazana bilmir. Buna görə də düşmən tərəf öz məkrli planlarını həyata keçirmək üçün daim təxribatlara və terror əməllərinə əl atır. Son hadisələr bunu bir daha təsdiqləyir. Döyüş meydanında lazımi dərsini alan düşmənin, necə deyərlər, sonra cəbhəni dəyişdiyini vurğulayan deputat bildirib: “Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edir. Ermənilərin Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və soydaşlarımıza qarşı təxribatlara əl atmaları açıq-aydın cinayət məsuliyyəti doğuran əməllərdir. Çoxsaylı aksiya iştirakçılarına ermənilər tərəfindən fiziki güc tətbiq olunub, onlara xəsarətlər yetirilib, sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqları pozulub”.
S.Fətəliyeva bildirib ki, həmin ölkələrin hüquq-mühafizə orqanları bu hadisələrə hüquqi qiymət verməlidir. Həmçinin hesab edirəm ki, soydaşlarımız ermənilərin təxribatına uymamalı, bütün addımları qanun çərçivəsində atmalıdırlar. Bu günlərdə respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həmvətənlərimizə müraciəti də bu baxımdan olduqca önəmlidir.