Ermənilərin Göy məscid “kabusu”
AzerTAg.az
Bakı, 24 fevral, AZƏRTAC
Bu gün özlərini dünyaya qədim və mədəni xalq kimi sırımağa çalışan və tarixi Azərbaycan şəhəri İrəvanı qədim erməni şəhəri kimi təqdim edən ermənilər, bu şəhərdə Göy məsciddən savayı yaşı 250 ildən artıq hər hansı tarixi-memarlıq abidəsi göstərə bilmirlər. Göstərəndə də onu ya “fars məscidi”, yaxud da “İran məscidi” kimi təqdim edirlər. AVRONEST Parlament Assambleyasının işində iştirak etmək üçün İrəvanda səfərdə olan Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədov fevralın 23-də Göy məscidi ziyarət ediblər. Tahir Mirkişilinin məscidi ziyarətdən sonra paylaşdığı “Divarlarında başqa dövlətə aid yazılar olsa da, amma divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də. İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edəcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur!” sözləri mətbuatın erməni seqmentində ciddi narazılığa səbəb olub. Yenə də Göy məscidin tarixini saxtalaşdırırlar. Tarixi saxtalaşdırmaq və ondan faydalanmaq ermənilərin həyat prinsipidir. Onlara cavab olaraq tarixi mənbələr əsasında Göy məscidin tarixçəsini qısaca olaraq oxucuların nəzərinə çatdırırıq.
Bu fikirlər tarix üzrə fəlsəfə doktoru, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafanın “Ermənilərin Göy məscid “kabusu” sərlövhəli yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.
Göy məscid – İrəvanın “Mavi brilyantı”
İrəvan şəhərində mövcud olmuş məscidlər haqqında müxtəlif dövrlərdə İrəvanda olmuş səyyahların və Rusiya işğalından sonra İrəvan şəhəri haqqında yazan ayrı-ayrı müəlliflərin əsərlərində kifayət qədər məlumat öz əksini tapmışdır.
İrəvan şəhərini təsvir edən bütün səyyahların və tədqiqatçıların əsərlərində həm ölçülərinin miqyasına, həm də gözəlliyinə görə şəhərin ən möhtəşəm memarlıq abidəsi kimi, Göy məscidin (digər adı Hüseynəli xan məscidi) adı birinci çəkilir. Miqyasına görə İrəvandakı Göy məscid Qafqazda ən böyük məscid olmuşdur.
Şərq memarlığının nadir nümunələrindən hesab edilən Göy məscidin inşasına Hüseynəli xan Qacarın hakimiyyəti dövründə 1760-cı ildə başlanılmış, 1766-cı ildə başa çatdırılmışdır.
İrəvan şəhərinin Rusiya işğalından sonra 1829-1832-ci illərdə kameral siyahıyaalma keçirən rus tarixçi-statistiki İvan Şopenin verdiyi məlumata görə, şəhərdə 8 məscid mövcud olmuşdur ki, onlardan 2-si Qalada, 6-sı isə şəhərdə yerləşmişdir.
1833-cü ildə fransız geoloqu və arxeoloqu, naturaçı Fredrik Dyubua de Monpere Qafqaza və Krıma etdiyi səyahətinin nəticəsi olaraq 1839-cu ildə Parisdə çap etdirdiyi “Qafqaz ətrafına səyahət” əsərinin 3-cü cildində Göy məscidi ətraflı təsvir etmişdir. Onun çəkdiyi Göy məscidin rəsmi müəllifin adıçəkilən əsərinə əlavə olaraq 1840-cı ildə çap edilən “Atlas”ın üçüncü hissəsində yer almışdır. Dyubua de Monperenin çəkdiyi rəsmlərin qravüralarını Erkül Nikole hazırlamışdır.
Göy məscidin məşhur rus fotoqrafı Dmitri Yermakov tərəfindən XIX əsrin 80-90-cı illərində çəkilmiş fotoları onun 1896 və 1901-ci illərdə çap etdirdiyi albomlara daxil edilmişdir. Dmitri Yermakovun İrəvan məscidləri ilə bağlı çoxsaylı fotolarının bir qismi hazırda Simon Canaşiya adına Gürcüstan Dövlət Muzeyinin Yermakov fondunda və Şalva Amiranişvili adına İncəsənət Muzeyində saxlanılır.
1897-ci ildə alman incəsənət tarixçisi və arxeoloqu Friedrix Sarre İrəvanda olmuş, Göy məscidin müxtəlif rakurslardan fotolarını çəkmiş və sonradan həmin məscidləri müsəlman tarixi abidələri kimi elmi tədqiqat dövriyyəsinə cəlb etmişdir. F.Sarrenin çəkdiyi fotoların bir qismi hazırda Berlindəki Dövlət Muzeyinin İslam İncəsənəti bölməsində saxlanılır.
1902-ci ildə İrəvan quberniyasının statistika komitəsinin “İrəvan quberniyasının 1902-ci il üçün yaddaş kitabçası” çap edilmişdir. Həmin kitabında göstərilir ki, İrəvan quberniyasında 310 məscid mövcuddur ki, onlardan 7-si İrəvan şəhərindədir.
1906-1911-ci illərdə İrəvan şəhərinin texniki işləmiş B.Mehrabov şəhərin planını və orada olan memarlıq abidələrinin siyahısını tərtib etmişdir. Mehrabov şəhərdə 8 məscid qeydə almışdır. Həmin məscidlər belə adlanırdı: Təpəbaşı, Şəhər, Sərtib xan, Göy məscid, Hacı Novruzəli bəy, Qala məscidi, Dəmirbulaq və Hacı Cəfər bəy məscidi.
Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan 1949-cu ilə aid bir arxiv sənədində Ermənistan SSR ərazisində qeydə alınan azərbaycanlılara aid 15 memarlıq abidəsi haqqında məlumatlar öz əksini tapmışdır. Həmin siyahıda nə zaman inşa edildiyi, nə məqsədlə istifadə edildiyi göstərilməklə, İrəvan şəhərində 4 məscidin mövcudluğu qeyd edilmişdir. Həmin sənəddə Göy məscidin 1776-cı ildə inşa edildiyi göstərilmişdir.
İrəvanın mərkəzindəki “Örtülü bazar”la üzbəüz yerləşən Göy məscidin ölçüləri 97,2 m X 66 m idi. Məscidin adı onun günbəzinin göy rəngli kaşı ilə üzlənməsi ilə bağlı idi. Məscidin həyətində fontanlı daş hovuz tikilmiş, ətrafına sıx kölgəli ağaclar əkilmişdi.
Göy məsciddə ibadət üçün qadın və kişi zalları ayrıca olmuşdur ki, onlar da bir-biri ilə ya dəhliz, ya da pərdə ilə ayrılırdı. İbadət zallarının tavanı və divarları gül rəsmləri ilə bəzədilmişdi. Məscidin divarlardan və sütunlardan kişmir parçadan güllər düzəldilib asılırdı.
Erməni tarixçisi Tadevos Hakopyan “İrəvanın tarixi (1500-1800)” əsərində Eçmiədzin kilsəsinin yepiskopu Hovhanes Şahxatunyansa istinadən yazır: “Məscidin minarəsinin və günbəzinin bir hissəsi mavi saxsılarla üzlənmişdir. Əsas tikililər məscidin ərazisinin cənub və şimal tərəflərində idi. Yan tərəflərdə isə yardımçı tikililər və hücrələr yerləşirdi. Məscidin həyətində ətrafına sal daşlar döşənmiş və ağaclar əkilmiş bir balaca hovuz inşa edilmişdi. Məscidin üç qapısı olmuşdur. İki kiçik qapı şimal və şərq istiqamətinə, böyük giriş qapısı isə cənuba baxırdı. Məscid binası cənub səmtində yerləşirdi. Bina bir-biri ilə bağlı üç zaldan ibarət idi. Məscidin günbəzi digər iki kiçik zaldan hündür olan böyük zalın üzərində idi. Sadə görkəmli zalların yalnız həyətə baxan pəncərələri şəbəkə üslubunda işlənilmiş və rəngli şüşələrlə bəzədilmişdi. Həyətin şimal hissəsində kiçik bir ibadətxana da var idi. Məscidin minarəsi çox gözəl idi və İrəvanın tikililəri arasında ən hündür olduğundan şəhərin hər yerindən görünürdü. Azançı onun başına çıxaraq hər gün müsəlmanları ibadətə çağırırdı. Məscidin cənub portalının üzərindəki kitabədə Hüseynəli xanın adı və tikilmə tarixi həkk olunmuşdu.”
1893-1894-cü illərdə və 1898-ci ildə İrəvanda səfərdə olmuş məşhur Britaniya səyyahı və coğrafiyaşünası Henri Linç yazdığı “Armenia” əsərində Göy məscid haqqında ətraflı məlumat vermiş, onun minarələrinin, həyətindəki hovuzun və fasadının fotoşəkillərini kitaba daxil etmişdir.
Azərbaycan arxeoloqu və epiqrafçısı İsa Əzimbəyov 1928-ci ildə İrəvanda ekspedisiyada olmuşdur. Ekspedisiyanın nəticələrinə dair İ.Əzimbəyovun yazdığı “Tiflisin, İrəvanın və Naxçıvanın müsəlman kitabələri” adlı məqaləsində qeyd edir ki, Göy məscid iki ayrı korpusdan – qış və yay korpuslarından ibarətdir. O, qış korpusunun kompleksin cənubunda, yay korpusunun isə şimalda inşa edildiyini, onların isə mədrəsə ilə əhatə olunduğunu yazır. İ.Əzimbəyov məscidin çox böyük həyətinin olduğunu, orada çinar və qovaq ağaclarının ucaldığını yazır.
Erməni müəlliflərinin verdikləri məlumata görə, XX əsrin 30-cu illərində İrəvandakı bütün məscidlərin sökülməsi qərara alınsa da, məşhur erməni şairi Yeğişe Çarensin ciddi səyləri nəticəsində onun “Mavi brilyant” adlandırdığı Göy məscid muzeyə çevrilməklə yer üzündən silinməkdən xilas edilmişdi. 1936-cı ildən Göy məscidin binasında İrəvan şəhər Tarix muzeyi yerləşdirilmişdi. İkinci Dünya müharibəsi başladıqdan sonra Göy məsciddən bir müddət həm də hərbi sursat anbarı kimi istifadə edilmişdi. Müharibədən sonra Göy məsciddə, həmçinin Təbiət muzeyi və 1952-ci ildən etibarən isə məscidin kiçik ibadət zalında astronomiya həvəskarları üçün Planetariya fəaliyyət göstərmişdir.
Erməni sovet rəssamlarından Martiros Saryanın, Setrak Arakelyanın, Anuş Sahinyanın, Qabriel Gürcyanın 1920-1930-cu illərdə çəkdikləri rəsm əsərlərində İrəvan şəhərinin simvolu kimi Göy məscid əks etdirilmişdir.
1991-ci ildə Ermənistan müstəqilliyini əldə etdikdən və müsəlman ölkələri ilə diplomatik münasibətlər qurulduqdan sonra Göy məscidin yenidən məscid kimi fəaliyyət göstərməsi zərurəti meydana çıxmışdı. 1991-ci ildə Təbiət muzeyi, 1994-cü ildə isə Tarix muzeyi məscid kompleksindən çıxarıldı.
1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən İran hökuməti Göy məscidin yenidən qurulması xərclərini öz üzərinə götürdü. Rekonstruksiya işləri İranın “Bonyade Mostezəfan və Canbazane Enqelabe Eslami” fonduna həvalə edildi. Məsciddə son tamamlama işləri 2006-cı ildə başa çatdırılmışdır. Rekonstruksiya işləri məscid kompleksinin yalnız cənub-qərb və şimal hissəsində aparılmışdır. Göy məscidin 24 metrlik minarəsi, 28 hücrəsi, kitabxanası, böyük zalı, günbəzi və həyəti rekonstruksiya edilmişdir. Hazırda Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara “Fars məscidi”, yaxud da “İran məscidi” kimi təqdim edirlər.
Ermənistan hökumətinin 2015-ci il dekabrın 10-da keçirilən iclasında Mesrop Maştos-12 ünvanında yerləşən Göy məscid haqqında Mədəniyyət Nazirliyinin təqdim etdiyi layihə müzakirə edilmişdir. Təsbit edilmişdir ki, tarixi və mədəniyyət abidəsi kimi, Göy məscidin yerləşdiyi ərazi Ermənistan Respublikasının daşınmaz mülkiyyəti olaraq Mədəniyyət Nazirliyinin sərəncamındadır və dövlət mülkiyyəti olduğu üçün özgəninkiləşdirilə bilinməyən tarixi və mədəniyyət abidələrinin dövlət reyestrinə daxil edilmişdir. Həmçinin qərara alınmışdır ki, Göy məscid və onun yerləşdiyi ərazi istifadə hüququ ilə təmənnasız olaraq 99 illiyinə İran İslam Respublikasının Ermənistandakı səfirliyinə mədəniyyət mərkəzi kimi təhvil verilsin.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Cabiri Ənsari 28 dekabr 2015-ci ildə Tehranda keçirdiyi brifinqdə APA informasiya agentliyinin müxbirinin sualını cavablandıraraq demişdir ki, İrəvandakı Göy məscidin 99 illiyə İran İslam Respublikasının istifadəsinə verilməsi ilə bağlı bu ölkənin Ermənistandakı səfirliyi ilə müqavilə imzalanmışdır və həmin sənədə uyğun olaraq müvafiq işlər görülür.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, İrəvan şəhərində 1988-ci ilədək fəaliyyət göstərən yeganə məscid Çətirli məscid və yaxud yerləşdiyi ərazinin adına uyğun olaraq adlandırılan Dəmirbulaq məscidi olmuşdur. Üzərindəki kitabədə məscidin hicri təqvimi ilə 1327-ci ildə – yəni miladi təqvimi ilə 1909-cu ildə inşa edildiyi göstərilmişdi. Məscidin minarəsi yox idi. Əvəzində məscid binasının damında açıq havada 1,5-2 metr hündürlüyündə kvadrat şəkilli meydança inşa edilmiş, onun üzərində dəmir barmaqlıqlarla əhatələnmiş məhəccər quraşdırılmışdı. Dörd yanı açıq olan məhəccərin üstü dəmir təbəqə ilə örtüldüyündən bu məscid Çətirli məscid adlanırdı. 1988-ci il fevralın 23-də ermənilər Dəmirbulaq məscidini yandırmışdılar. 1990-cı ildə erməni vandalları Dəmirbulaq məscidini yer üzündən silərək, yerində hündürmərtəbəli bina inşa etmişlər.
Yuxarıda sadalanan faktlar sübut edir ki, təkcə İrəvan şəhərində deyil, bütövlükdə Ermənistan adlanan və özünü dünyanın sivil ölkəsi kimi beynəlxalq aləmə təqdim etməyə çalışan bir dövlətin ərazisində azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinə, onların maddi irsinə qarşı sözün həqiqi mənasında mədəni vandalizm aktları həyata keçirilməsi bu gün də davam etdirilir.
Göy məscid bu gün ermənilər üçün bir kabusa çevrilib. Fürsət düşmüşkən onu sökmədiklərinə görə indi peşmançılıq çəkirlər. Yeganə yolları isə Göy məscidin mənsubluğunu farsların ayağına yazmaqdır. Əlahəzrət həqiqəti isə necə deyərlər, çuvalda gizlətmək mümkün deyil.


Xəbərin mətnində orfoqrafik səhv var