REGİONLAR
Ermənilərin açdığı atəş nəticəsində həlak olan mülki şəxs dəfn edilib
Masallı, 3 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Oktyabrın 2-də saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavator düşmən tərəfindən atəşə tutulub. Nəticədə ekskavatorun sürücüsü - mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu güllə yarası alıb. Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin olunub. Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan-Ermənistan dövlət sərhəddinin təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribatı nəticəsində həlak olmuş 1958-ci il təvəllüdlü Abışov Səfərəli Ələkbər oğlunun cənazəsi oktyabrın 3-də anadan olduğu Masallı rayonunun Əmirtürbə kəndinə gətirilib.
Dəfn mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Əsgər Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun ziyalıları, ağsaqqalları, DSX-nin Sərhəd Qoşunlarının əsgər və zabitləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Səfərəli Abışov Əmirtürbə kənd qəbiristanlığında dəfn olunub, ruhuna dualar oxunub.
Dəfn mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əsgər Xəlilov, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, “Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynov, şəhidin qardaşı Hüseyn Abışov və başqaları çıxış ediblər.
Qeyd olunub ki, Səfərəli Abışov düşmənlə təmas xəttinə yaxın ərazilərdəki mövqelərimizdə təminat yollarının salınması ilə məşğul olub. Sadə peşə sahibi, ekskavatorçu olan S.Abışov iş başında olarkən onun ekskavatoru dəfələrlə düşmən atəşinə tutulub. Lakin o, cəsarətlə işini davam etdirib.
Çıxış edənlər diqqətə çatdırıblar ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın qisası qüdrətli ordumuz tərəfindən düşməndən tezliklə alınacaq. Hamı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib, çünki, bizim yolumuz haqq yoludur.
Səfərəli Abışovun təltif olunduğu “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi”, “Hərbi əməkdaşlıq sahəsindəki xidmətlərə görə” medalları və Azərbaycanın üçrəngli bayrağı oğluna təqdim edilib.