DÜNYA
Ermənilərin hücumuna məruz qalan Moskva vilayəti sakininin özünə qarşı cinayət işi açılıb
Moskva, 16 iyun, AZƏRTAC
Moskva vilayətində üç erməni tərəfindən hücuma məruz qalan yerli sakin Vladimir Zenkeviçin özünə qarşı cinayət işi açılıb.
AZƏRTAC xəbər verir ki, “Komsomolskaya pravda” qəzetinin yazdığına görə, bir neçə ay əvvəl Vladimir Zenkeviç öz avtomobilində ticarət mərkəzlərindən birinin dayanacağından çıxarkən digər avtomobilin yolu kəsdiyini görüb. Bir qədər gözlədikdən sonra yolu kəsən maşını dövrələyərək keçmək qərarına gəlib. Bu, qarşıdakı avtomobilin sürücüsünün və daha iki sərnişinin xoşuna gəlməyib və onlar Zenkeviçin avtomobilinə hücum edərək, maşının arxa şüşəsini zədələyib və kapotunu əziblər.
Qəzet müşahidə kameralarından götürülmüş videonu yayıb. Orada göründüyü kimi, bundan sonra üç erməni Zenkeviçin üstünə hücum çəkib. Mühəndisin dediyinə görə, ermənilərdən birinin əlində bıçaq olduğunu görüb, maşındakı pnevmatik silahla onları hədələyərk hadisə yerindən uzaqlaşıb. Lakin qarşı tərəf bununla da kifayətlənməyərək, onun avtomobilini 10 kilometr izləyib. Xoşbəxtlikdən Zenkeviç təqibdən yaxa qurtara bilib.
Baş verənlərin müşahidə kameralarında aydın görünməsinə baxmayaraq, ermənilər Vladimir Zenkeviçə qarşı “suiqəsd” maddəsi ilə cinayət işi açılması üçün polisə müraciət ediblər. Hazırda Vladimir Zenkeviçin vəkili onun özünü müdafiə etdiyini sübuta yetirməyə çalışır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva