CƏMİYYƏT
Ermənilərin saxta şikayətləri ilə İstanbulda edam olunmuş Kamal bəyin xatirəsi anılıb
İstanbul, 11 aprel, AZƏRTAC
1919-cu ildə ermənilərin hiyləsi və saxta şikayətləri ilə Osmanlı dövlətinə qarşı döyüşən müttəfiqlərin İstanbulda qurduqları qanunsuz hərbi məhkəmənin qərarı əsasında edam olunmuş kaymakam (icra başçısı) Kamal bəyin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, Kamal bəyin Kadıköydəki məzarı başında Anadolu Aydınlar Ocağı tərəfindən təşkil olunan mərasimdə ermənilərin Osmanlı dövlətinə xəyanətlərindən və Türkiyəyə qarşı əsassız iddialardan, həmçinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən, soyqırımlarından danışılıb.
Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztək çıxışında bildirib ki, Nemrut Mustafa Paşanın qanunsuz məhkəməsində dindirilərək həbs olunan və haqqında edam qərarı çıxarılan Kamal bəy erməni fitnəsinin və xəyanətinin qurbanı olan günahsız türklərdən biridir. Kamal bəy məhkəmədə və edam zamanı düşmən qarşısında sınmayıb. O, nəfəsinin son anında deyib: “Məni haqsız olaraq edam edirsiniz. Mən vəzifəmin verdiyi səlahiyyəti şərəflə yerinı yetirdim. Heç kimin burnunun qanamasına imkan vermədim. Ədalət bu edamdırsa yanlışdır. İndi mən cəbhədə düşmən üzərinə şığıyan qəhrəman kimi cənnət şərbətini içməyə gedirəm”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul