CƏMİYYƏT


Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri cinayətlərin məqsəd və mahiyyəti eynidir

Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri cinayətlərin məqsəd və mahiyyəti eynidir

Bakı, 31 mart, AZƏRTAC

Uzun illərdir ki, erməni millətçiləri xalqımıza qarşı sistemli, mütəşəkkil və müntəzəm olaraq müxtəlif cinayətlər törədiblər. Bu çirkin və faşist siyasətin son mərhələsi 1988-1991-ci illərdə Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiya edilərək etnik təmizləməyə və soyqırımına məruz qalması, 1991-1993-cü illərdə isə tarixi, əzəli və əbədi torpağımız olan Qarabağın işğalı idi. Xalqımıza qarşı yönələn soyqırımın miqyasını təsəvvür etmək üçün erməni millətçilərinin onları dəstəkləyən havadarları ilə bölgəmizdə son üç yüz il ərzində törətdikləri cinayətin tarixinə nəzər salmaq kifayətdir. Elmi araşdırmalar erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхinin ХVIII əsrin əvvəllərindən başladığını tarixi dəlillərlə sübut edirlər. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda — Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradılması nəzərdə tutulmuşdu. Ermənilər həmin fürsətdən istifadə edərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişdilər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız soydaşımız vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdu.

Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibati bölgü yaradılmasına nail olmuşdular. Bununla da azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsası qoyulmuşdu. Qondarma “böyük Ermənistan” ideyasına həqiqət donu geyindirmək məqsədilə erməni tarixi saxtalaşdırılır, Azərbaycanın tarixi isə təhrif olunurdu. Bu süni xülyalardan ruhlanan erməni təcavüzkarları XX əsrdə azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçirirdilər. Bakıda başlanılan erməni vəhşilikləri ölkəmizin bütün ərazisinə yayılmışdı. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdi. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər Andranikin rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı ilə İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Nor-Bəyazid qəzasında 7, ümumiyyətlə, 197 kənd dağıdılmış, sakinlərin bir qismi qətlə yetirilmiş, digər bir qismi isə öz doğma ev-eşiklərindən didərgin düşmüş, əmlakları talan olunmuş, evləri yerlə yeksan edilmişdi: “1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında həyata keçirməyə başlamışdılar. 1918-ci ilin martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edilərək Bakıya göndərildi. Həmin vaxtdan “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanaraq, daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə qalxmışdı. Azərbaycanlıların soyqırımından bəhs edilərkən daha çox 1918-ci ilin martında Bakıda, Şamaхıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə erməni hərbi qüvvələrinin törətdikləri qırğınlardan danışılır. 1918-ci ilin martın 30-dan aprelin 3-dək Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib. 1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılıb. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda, “Daşnaksütyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edərək rastlarına çıxan uşaqdan böyüyədək hər kəsi qətlə yetiriblər. Həmin dəhşətli hadisələrin şahidi olan Kulner soyadlı bir alman 1925-ci ildə Bakı hadisələri barədə yazmışdı: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirlər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirilib. Nazirlər Şurası tərəfindən 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı keçirən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini qətlə yetiriblər. Cavanşir qəzasının 28, Cəbrayıl qəzasının 17 kəndi sakinlərlə birgə məhv edilib. Gümrü yaxınlığında əsasən qadın, uşaq və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək məhv edilib. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırıb, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi yerlə yeksan edib, 3 min 257 kişi, 2 min 276 qadın və 2 min 196 uşağın həyatına son qoyublar. Bütövlükdə Zəngəzur qəzası üzrə 10 min 68 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50 min azərbaycanlı isə qaçqın düşüb. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilib, kəndlər isə yerlə yeksan edilib. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edərək 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıdıb və əhalisini məhv ediblər. Qaniçən erməni quldurları tərəfindən törədilən soyqırımın qarşısı 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Azərbaycana gələn Qafqaz İslam Türk Ordusu tərəfindən qəhrəmanlıq və fədakarlıqla alınıb.

1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi”.

M.İbrahimqızının sözlərinə görə, ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işinə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Bundan sonra həmin tarixin öyrənilməsi sahəsində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb və əcnəbi dillərə tərcümə olunub. Son illər bu sahədə aparılan araşdırmalar nəticəsində çoxlu yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq dəhşətli faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel–may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən Quba soyqırımı məzarlığı aşkar olunub. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. Ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub. Aparılan tədqiqat zamanı müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb. Qeyd etmək lazımdır ki, ötən illərdə erməni vandallarının xalqımıza qarşı törətdikləri cinayətləri təhlil etdikcə bu cinayətlərin bir-birindən fərqlənmədiyinin şahidi oluruq. Birinci Qarabağ müharibəsi dövründə Xocalı, Ağdaban və Başlıbeldə baş vermiş cinayətlərlə 1918-ci ildə baş vermiş faciələrin heç bir fərqi yoxdur. Həmin faciələrin hamısının ssenari, məqsəd və mahiyyəti də eynidir. Eləcə də 44 günlük Vətən müharibəsi zamanı Gəncə, Bərdə və digər ərazilərin qadağan olunmuş silahlarla, ağır raketlərlə vurulması və ya işğaldan azad edilmiş ərazilərdə, ətraf mühitə qarşı törədilmiş vəhşilik ermənilərin dəyişməyən xislətini bir daha sübut edir.

Xatırlatmaq istərdim ki, 2018-ci ilin yanvarın 18-də Prezident İlham Əliyev tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalanıb. Çox təəssüf ki, dünya və beynəlxalq təşkilatlar tərəfindən hələ də erməni faşizminə münasibət bildirilməyib və həmin hadisələr özünün əsl hüquqi və siyasi qiymətini almayıb. Əslində erməni vandallarının törətdikləri bütün cinayətlər BMT-nin soyqırımla bağlı qəbul etdiyi məlum konvensiyasının bütün maddələrinə cavab verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.