SİYASƏT


Ermənistan Avropa İttifaqının açıqlamasına isterik reaksiya verərək necə aciz durumda olduğunu bir daha göstərdi

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 16-dan 17-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin müharibə cinayəti törədərək Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə mülki əhalini raket hücumuna məruz qoymasına və günahsız insanları qətl etməsinə Avropa İttifaqının dərhal reaksiya verməsi çox böyük əhəmiyyətə malikdir. Qurumun oktyabrın 17-də dərc edilən bəyanatında bu hücum pislənilir və mülki əhalinin hədəf seçilməsinə kəskin etiraz bildirilir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Vasif Hüseynov bununla bağlı AZƏRTAC-a şərhində bildirib ki, bəyanatda Ermənistanın hücumu törədən tərəf kimi adı çəkilməsə də, rəsmi İrəvan Avropa İttifaqının açıqlamasına isterik reaksiya verərək necə aciz durumda olduğunu bir daha göstərdi. Oktyabrın 18-də Ermənistanın Xarici İşlər Nazirliyinin açıqlamasında Avropa İttifaqı birtərəfli mövqe tutmaqda ittiham olunur. Nazirlik Azərbaycanın Dağlıq Qarabağdakı əməliyyatlarına qarşı Avropa İttifaqından oxşar bəyanatın verilməməsindən narahatlıq ifadə edib.

Görünür, Ermənistan rəsmiləri unudurlar ki, Azərbaycan Ordusu Ermənistandan fərqli olaraq barbar yollara əl atmır və yalnız hərbi obyektləri dəqiq zərbələrlə hədəf alır. Dövlətimizin başçısının Ermənistanın Gəncəyə raket hücumundan sonra xalqa müraciətində “biz Gəncənin qisasını döyüş meydanında alacağıq” bəyanatı çox yerində verilmiş və xalqımızın humanizmini yüksək səviyyədə nümayiş etdirən bir davranış idi. Bu bəyanat bir çox Avropa mediasında işıqlandırıldı və heç şübhəsiz ki, Avropa İttifaqının ölkəmizlə əlaqədar baxışlarına da təsir etdi.

Qeyd etmək lazımdır ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ölkəmizlə qurum arasında imzalanmış bütün sənədlərdə bu mövqe əks olunur. Eyni zamanda, Avropa Parlamentinin bu ilin iyun ayında Ermənistandan Qarabağa yeni yolun çəkilməsinə dair bəyanatında Ermənistan tərəfindən torpaqlarımızın işğalı pislənilir və Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirilir.

Bunun nəticəsidir ki, bu gün Ermənistanın sərsəm bəyanatları və işğal edilmiş torpaqlarımızda yaradılmış qondarma rejimin tanıdılması üçün etdiyi bütün cəhdlər iflasa uğrayır. Rəsmi Yerevan artıq beynəlxalq ictimaiyyətdə təkləndiyini və dünya birliyinin işğala “yox” dediyinin fərqindədir. Bunun nəticəsidir ki, Avropa İttifaqının bəyanatına reaksiyasında Ermənistan Xarici İşlər Nazirliyi öz mövqeyini əsaslandırmaq üçün hər yola əl atmış və hətta feyk xəbərlərə istinad etmişdir. Ermənistan dövləti anlamalıdır ki, beynəlxalq ictimaiyyətin mövqeyi birmənalıdır: Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunmalı və işğalçı Ermənistan ordusu Azərbaycan torpaqlarını tərk etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.