SİYASƏT
Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoyana qədər bu ölkənin AŞPA-dakı nümayəndə heyətinə sanksiyalar tətbiq edilməlidir
Bakı, 14 iyun (AZƏRTAC). Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞPA-nın sədri Ann Brasörə, Avropa Şurasının baş katibi Torbörn Yaqlanda, Assambleyanın baş katibi Voytsex Savitskiyə, Avropa Şurasının Sədarət Komitəsinin və təşkilatın Bürosunun üzvlərinə müraciət ünvanlamışdır.
Müraciətdə E.Süleymanov Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistan nümayəndə heyətinə qarşı AŞPA-da sanksiyaların tətbiq olunmasını tələb edən qətnamə layihəsi hazırladığını bildirmişdir. O, müraciətdə Azərbaycan ərazilərinin silahlı işğalına son qoyulana qədər Ermənistan nümayəndə heyətinə sanksiyalar tətbiq etməyə çağırış səsləndirmişdir.
Qeyd edilmişdir ki, qətnamə layihəsi AŞPA-nın 14 üzv dövlətini təmsil edən 58 deputat tərəfindən imzalanmış və iyunun 7-də elektron formada qurumun Katibliyinə göndərilmişdir. İyunun 10-da Katiblik həmin imzaların elektron versiyalarını aldığını təsdiq etmişdir. Prosedur qaydalarına əsasən iyunun 16-17-də qətnamə layihəsi 58 deputatın orijinal imzası ilə Katibliyə təqdim ediləcəkdir. Qaydalara əsasən təqdim olunmuş qətnamə layihəsi sədarət komitəsi və Büro iclaslarında müzakirə edildikdən sonra məruzəçi təyin olunması üçün siyasi komitəyə və ya monitorinq komitəsinə göndərilir.
E.Süleymanov müraciətində Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsinin ümumiyyətlə müzakirələrdən kənarlaşdırılması istiqamətində ədalətsizliyin və ayrı-ayrı qüvvələrin korporativ maraqlarının Avropa Şurasının prinsiplərindən üstün tutulmasının qarşısını almağa çağırmışdır.