SİYASƏT


Ermənistan-Azərbaycan müharibəsində mövcud vəziyyət: reallıqlar, təhlillər, yanaşmalar

Naxçıvan, 6 oktyabr, AZƏRTAC

“Naxçıvan” Universitetinin Ümumi tarix kafedrasının təşkilatçılığı ilə “Ermənistan-Azərbaycan müharibəsində mövcud vəziyyət: reallıqlar, təhlillər, yanaşmalar” mövzusunda dəyirmi masa təşkil edilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva 30 ilə yaxındır Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin öz siyasi, hüquqi həllini tapmadığını və işğalçı dövlətin hər vasitə ilə buna mane olduğunu bildirib. Qeyd edib ki, sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlifçaplı artilleriya qurğularından intensiv atəşə tutub. Hazırda şanlı Ordumuz tərəfindən düşmənə layiqli cavab verilir və işğal olunmuş ərazilərimizdən düşmənin təmizlənməsi prosesi davam edir.

Rektor əminliklə bildirib ki, güclü Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə ən qısa zamanda yağı düşməni işğal olunmuş ərazilərimizdən qovacaq, Azərbaycan öz əzəli və tarixi torpaqlarına qovuşacaq.

Daha sonra universitetin Ümumi tarix və Beynəlxalq münasibətlər kafedrasının müəllimlərinin mövzu ətrafında çıxışları dinlənilib.

Çıxış edənlər bildiriblər ki, həm hərbi sahədə, həm də danışıqlar masasında Azərbaycan qarşısında məğlub olduğunu anlayan Ermənistan tərəfi çarəni saxta xəbərlər yayaraq dövlətləri dərhal müharibəyə cəlb etməkdə görür. Əlbəttə ki, BMT, Avropa Şurası, regional və böyük güclər, xüsusilə ATƏT-in həmsədrləri olan Rusiya və Fransanın, qonşu dövlət İranın bölgədə baş verənləri diqqətdə saxladıqları heç kimə sirr deyil. İstər beynəlxalq təşkilatlar, istərsə də böyük güclər və digər dövlətlər tərəflərə müraciət edərək müharibənin dayandırılmasının, silahların susmasının, dərhal müzakirələrə başlanmasının vacibliyini bildirsələr də, Azərbaycan tərəfi hərbi əməliyyatları yalnız işğal altındakı öz torpaqlarında apardığını və bu davada haqlı tərəf olduğunu sübut etdi. Əlbəttə ki, bütün müharibələr iştirakçı tərəflərə zərbə vurur. Bu danılmaz həqiqətdir, lakin söhbət Vətən müharibəsindən gedirsə, bu müharibədə Azərbaycan geri çəkilməyəcəyini böyük bir əzm və cəsarətlə göstərmiş oldu. Əgər beynəlxalq təşkilatlar və dövlətlər həqiqətən müharibədən narahatdırlarsa, insan ölümünə səbəb olan bu vəziyyətdən gərgin hisslər keçirirlərsə, ədalətin bərqərar olmasını istəyirlərsə, işğalçı tərəf olan Ermənistanın BMT qətnamələrinə əməl edərək dərhal işğal etdiyi əraziləri boşaltmasını təmin etməli, lazım gələrsə təzyiq göstərməlidirlər. Bu gün xalqımız tam əmindir ki, Azərbaycan tarixinin şanlı səhifəsini yazan Ordumuz işğal altındakı torpaqlarımızı erməni qəsbkarlarından tamamilə təmizləyəcək, üçrəngli bayrağımızı tezliklə Xankəndidə, Şuşada və Laçında dalğalandıracaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.