SİYASƏT
Ermənistan Xarici İşlər Nazirliyinin növbəti uydurması VİDEO
Bakı, 25 may, AZƏRTAC
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasında “bəyanat” yayması barədə xəbərlər Ermənistan Xarici İşlər Nazirliyinin növbəti uydurmasıdır.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında yer alıb.
Mətbuat xidmətinin rəhbəri deyib ki, Ermənistan Xarici İşlər Nazirliyində xülya və mifologiyanın reallıqla qarışıq salınması artıq heç kimi təəccübləndirmir. Əslində Ermənistanın BMT yanında daimi nümayəndəliyi öz statusundan sui-istifadə edərək və BMT sisteminə, üzv dövlətlərə hörmətsizlik nümayiş etdirərək qondarma rejim adından bu kimi kağız parçalarını yaymağa cəhd edir. Ətraf mühitə hörmətlə yanaşılan BMT sistemində adətən bu qəbildən olan izafi kağız parçaları maklatura məqsədilə istifadə edilir.