SİYASƏT


Ermənistan beynəlxalq aləmdə növbəti dəfə fiaskoya uğradı

Bakı, 22 iyun, AZƏRTAC

Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin (PƏK) həmsədri Mariya Kalyurandın, Azərbaycan üzrə məruzəçisi Jelena Zavkonun, Ermənistan üzrə məruzəçisi Trayan Baseskunun Ermənistan ilə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı bir neçə gün əvvəlki birgə bəyanatı işğalçı ölkəyə növbəti zərbə oldu. Avropa Parlamentinin Ermənistanın işğalçı siyasətinə açıq şəkildə etirazını bildirməsi və bu barədə bəyanat qəbul etməsi işğalçı ölkə üçün sanki “sürpriz” oldu. Axı Ermənistan Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin əlində bir alətə çevrilib. Bundan başqa, dünyada ikili standartların mövcudluğu da Ermənistanı getdikcə azğınlaşdırdı. Bütün bunlara baxmayaraq, Ermənistan beynəlxalq aləmdə bir-birinin ardınca fiaskoya uğrayır. Bütün bunlar Azərbaycan dövlətinin yeritdiyi uğurlu xarici siyasətin təzahürləridir. Bu günlərdə Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində bunun bir daha şahidi olduq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov deyib.

K.Seyidov deyib: “Dünya birliyinə də bəllidir ki, Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir və Avropa İttifaqı ilə əməkdaşlıq ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir. Hazırda ölkəmizin Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığı mövcuddur. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Prezident İlham Əliyev də çıxışında diqqətə çatdırdı ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ticarətimizin təqribən 50 faizi üzv dövlətlərin payına düşür. Eləcə də on beş ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır.

Məlum olduğu kimi, 2018-ci ildə Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb və yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqlar yekun mərhələsindədir. Azərbaycan və Avropa İttifaqı arasında imzalanacaq bu sənəddə hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi öz əksini tapıb. Dövlət başçısı sammitdəki çıxışında bu barədə məlumat verdi və bəyan etdi ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə də eyni prinsiplər əsasında həll edilməlidir.

Prezident İlham Əliyev Avropa İttifaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının iştirak etdiyi videokonfransda diqqətə çatdırdı ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərdə Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılması tələb edilir. Ermənistan bu qətnamələrə, habelə digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş naziri Nikol Paşinyan sələflərindən daha artıq aqressiv siyasət yeridir. Onun sərsəm fikirlərinə, xüsusilə tez-tez “Dağlıq Qarabağ Ermənistandır” deməsinə budəfəki sammitdə də Prezident İlham Əliyevdən qəti cavab gəldi: “Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”.

Ermənistanın baş naziri ötən beynəlxalq tədbirlərdə olduğu kimi, bu dəfə də həm özünü, həm də ölkəsini gülünc vəziyyətə saldı, xüsusilə çıxışı zamanı. O, ingilis dilində “danışıb” özünü savadlı kimi göstərməyə çalışsa da, əksinə, rüsvay oldu. Əslində, əsl həqiqəti etiraf etdi. Paşinyan tədbirdəki çıxışı zamanı ingilis dilində kağızdan oxuyarkən, beynəlxalq aləmdə qəbul olunmuş “Naqornıy Karabagh” sözünü işlətdi. Bununla da işğal etdikləri Azərbaycan ərazisinin adını olduğu kimi səsləndirdi. Ermənicə çıxışında isə “Artsax” sözünü işlədərək özünü növbəti dəfə ifşa etdi və həm ölkəsinin, həm də özünün işğalçı siyasətini ortaya qoydu. Bu, bir daha onu göstərir ki, Ermənistanın baş naziri yalnız daxili auditoriyaya hesablanan çıxışlarında beynəlxalq aləmin tanımadığı “Artsax” ifadəsini işlədir.

Azərbaycan Prezidenti Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində Ermənistanın baş nazirinin sərsəm və əsassız iddialarına tutarlı faktlarla cavab verdi və sammit iştirakçılarına bir daha bəlli oldu ki, Ermənistan hələ də işğalçılıq siyasətindən əl çəkmir. Beynəlxalq hüququn normalarına saymazlıq edən Ermənistan növbəti dəfə fiaskoya uğradı”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.