ELM VƏ TƏHSİL
Ermənistan ərazilərimizdə törətdiyi vandal aktlara görə beynəlxalq hüquq qarşısında cavab verəcək
Bakı, 4 noyabr, AZƏRTAC
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində işğal edilmiş torpaqlarımızda dünya sivilizasiyasının mədəniyyət nümunələri olan abidələrimiz erməni vandalizminin qurbanına çevrilib.
Bu fikri AZƏRTAC-a açıqlamasında Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin böyük elmi işçisi Esmira Orucova deyib. O bildirib ki, ermənipərəst sovet hakimiyyəti dövründə Azərbaycan ərazisində yerləşən bir çox mədəni-tarixi abidələrimiz dövlət tərəfindən qeydiyyata alınmamışdı. Bu da illər sonra ermənilərə işğal etdikləri Dağlıq Qarabağ və ətraf rayonlardakı minlərlə abidəni “erməniləşdirməyə” imkan verdi. Həmin ərazilərdə yüzlərlə tarixi abidəni öz adlarına rəsmiləşdirən erməni vandalları muzeylərdəki nadir tarixi eksponatları, qiymətli incəsənət nümunələrini talan edib, onlarda əksini tapan Azərbaycan, islam elementlərini silərək, erməni yazıları ilə əvəz ediblər.
Esmira Orucova diqqətə çatdırıb ki, uydurma tarixlərini yaradan saxtakar ermənilər islam dövrünə aid abidələrin üstündəki element və yazıları “erməniləşdirə” bilmədikdə onları dağıdıblar. “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa, “Arxeoloji irsin qorunması haqqında” Avropa və “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” UNESCO konvensiyalarına məhəl qoymayan ermənilər ölkəmiz ərazisində yerləşən qədim insan məskənlərindən olan Azıx və Tağlar mağaralarını, Qaraköpək, Üzərliktəpə kurqanlarını hərbi məqsədlər üçün istifadə edərək qəsdən dağıdıblar. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqan və qəbiristanlıqları, məzarüstü abidələri, məscid və türbələri məhv ediblər. Lakin beynəlxalq hüquq normalarına əsasən, Dağlıq Qarabağ və ətraf rayonlardakı bütün resurslar Azərbaycanın mülkiyyətidir.
“Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tarixi ata-baba torpaqlarımızı işğaldan azad edir. Əminəm ki, Ermənistan dövləti işğal etdiyi ərazilərimizdə törətdiyi bütün vandal aktlara görə beynəlxalq hüquq qarşısında cavab verəcək”, - deyə Esmira Orucova qeyd edib.