CƏMİYYƏT


Ermənistan hərbi müstəvidə olduğu kimi, hüquqi müstəvidə də ağır məğlubiyyətə uğrayacaq

Bakı, 3 iyun, AZƏRTAC

Türkiyənin erməni cinayətlərinin ifşasında Azərbaycana dəstək verməsi təqdirəlayiqdir. Ermənistan hərbi müstəvidə olduğu kimi, hüquqi müstəvidə də ağır məğlubiyyətə uğrayacaq.

Bunu AZƏRTAC-a müsahibəsində Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

O deyib ki, Azərbaycanın dövlət sərhədlərini pozan, ölkəmizə qarşı terror və təxribat həyata keçirən şəxslər bu gün olduğu kimi, bundan sonra da məhkəmə qarşısında cavab verəcəklər: “Ermənistanın istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində çoxsaylı hərbi cinayətlərə imza atdığı, böyük vəhşiliklər törətdiyi birmənalıdır. Dünən Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin məhkəmə qarşısına çıxarılması erməni faşizminin hüquqi müstəvidə ifşasıdır. Hər kəs bilməlidir ki, sadəcə Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç deyil, Azərbaycan xalqına qarşı cinayət törədən bütün ermənilər, o cümlədən Ermənistanın keçmiş hərbi-siyasi rəhbərliyi, həmçinin Vətən müharibəsi zamanı mülki obyektlərin bombalanması əmrini verənlər də gec-tez məhkəmə qarşısında cavab verməli olacaqlar. Bu gün iki erməninin məhkəmə qarşısına çıxarılması gerçəyi artıq bu prosedura start verildiyini göstərir”.

Cəlil Xəlilov Türkiyənin erməni vəhşiliklərinin beynəlxalq məhkəmə qarısında ifşası məsələsində Azərbaycana verəcəyi dəstəyi də yüksək qiymətləndirdiyini vurğulayıb: “Gəncədə səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin Türkiyənin Ermənistanın terror əməllərinə beynəlxalq səviyyədə qiymət verilməsi üçün Azərbaycana hüquqi yardım edəcəyini bildirib. Bu, qardaş Türkiyənin Azərbaycana növbəti dəstəyi kimi olduqca əhəmiyyətli və təqdirəlayiqdir”.

Polkovnik erməni cinayətlərinin beynəlxalq məhkəmələrdə ifşa edilməsinə çox böyük ehtiyac olduğunu, bunun həm Azərbaycanın haqq işinin dünyada tanınması, həm erməni faşizminin iç üzünün ifşa edilməsi, həm də cinayətkarların qanun qarşısında cavab verməsinin təmin olunması baxımından əhəmiyyətli olduğunu bildirib. O, Azərbaycanın qardaş Türkiyənin dəstəyi ilə qısa zamanda bu müstəvidə də böyük uğurlar əldə edəcəyinə, Vətən müharibəsində olduğu kimi beynəlxalq hüquqi platformada da Ermənistanı ağır məğlubiyyətə məhkum edəcəyinə əmin olduğunu vurğulayıb.

C.Xəlilov bildirib ki, erməni faşizminin hüquqi müstəvidə cəzalanması gələcəkdə bu kimi hərbi cinayətlərin dünyanın hər hansı bölgəsində yenidən təkrarlanmaması baxımından da mühüm əhəmiyyətə malikdir. Odur ki, bu məsələdə beynəlxalq təşkilatlar, aparıcı dövlətlər də maraqlı olmalı, erməni hərbi canilərinin beynəlxalq məhkəmə qarşısında dayanması üçün səy göstərməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.