REGİONLAR
Ermənistan hərbi-siyasi rəhbərliyi Gəncə qətliamı ilə mənfur üzünü bir daha göstərdi
Naxçıvan, 17 oktyabr, AZƏRTAC
Fəxrimiz, qürurumuz olan qüdrətli Azərbaycan Ordusu Prezidentimizin, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən xalqımızın növbəti zəfər tarixini yazır. Bu gün Füzuli şəhərinin və daha yeddi kəndimizin erməni işğalından azad olunması hər kəsə böyük sevinc hissləri bəxş etdi. Ermənistan hərbi-siyasi rəhbərliyinin birbaşa tapşırığı ilə Gəncə qətliamının törədilməsi isə mənfur düşmənin son çırpınışlarının göstəricisidir.
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu barədə danışan Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri Arif Qasımov bildirib ki, Prezidentimizin qətiyyəti, ordumuzun apardığı uğurlu əks-hücum əməliyyatları Qələbənin uzaqda olmadığını göstərir. Hər kəsin arzusu budur ki, 1993-cü il oktyabrın 29-da işğal edilən Zəngilan rayonu həmin tarixədək erməni tapdağından xilas edilsin.
Füzuli şəhərinin işğaldan azad olunmasının tarixi bir hadisə olduğunu vurğulayan Arif Qasımov bu gün dövlətimizin başçısının xalqa müraciətində dediyi sözləri xatırladıb. Prezident, Ali Baş Komandan deyib: “Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi... Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmən tapdağından azad edildi”.
Arif Qasımov qeyd edib ki, vaxtilə gözəlliyi ilə göz oxşayan Füzulinin dağıdılması bir daha erməni vandalizminin mənfur simasını göstərir. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərimizə nəzər yetirsək görərik ki, buralar ermənilər tərəfindən tamamilə dağıdılıb. Füzulidə də mədəniyyət və memarlıq abidələri erməni vandalizminin qurbanına çevrilib.
Arif Qasımov deyib: “Ötən gün Ermənistan Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun ərazisinə də raket hücumu həyata keçirib. Bu, Ermənistanın hərbi-siyasi rəhbərliyinin simasızlığının, münaqişənin coğrafi əhatəsinin genişləndirmək arzusunda olduğunun növbəti nümunəsidir. Bununla belə, onlar unudurlar ki, yüksək döyüş qabiliyyətinə malik olan qüdrətli Əlahiddə Ümumqoşun Ordu Naxçıvanın təhlükəsizliyinin qarantıdır. Əlahiddə Ümumqoşun Ordunun 2018-ci ildə Şərur rayonunun Günnüt kəndini və 11 min hektar ərazini düşməndən azad etməsi onun qüdrətini bir daha göstərir”.