ELM VƏ TƏHSİL


Ermənistan işğal dövründə Azərbaycan torpaqlarında ekoloji terror törədib

Bakı, 17 may, AZƏRTAC

Ermənistan işğal dövründə Azərbaycan torpaqlarında ekoloji terror törədib. Təxminən 30 il ərzində Ermənistan yeraltı və yerüstü sərvətlərimizi talan etməklə, təbiətin “ağciyəri” hesab edilən ağac və kol bitkilərini talamaqla, təbiət abidələrini məhv etməklə, su ehtiyatlarını çirkləndirməklə, flora və faunaya zərər yetirməklə ekosistemin mühüm halqasını, qida zəncirini dağıtmaqla Azərbaycan torpaqlarında ekoloji terror törədib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Zoologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Aysel Vəliyeva deyib.

O bildirib ki, mənfur düşmən Qarabağ ərazisində yerləşən daxili suların mikroflora və mikrofaunasını tamamilə məhv edib, suları ağır metallarla çirkləndirib, istifadəyə yararsız hala salıb. Torpaq qatı ağır və hərbi texnikanın istifadəsi ilə eroziyaya uğradılıb, savaşların davam etdirilməsi məqsədilə qazılmış səngərlər, həmçinin bu sahələrin texnogen və kimyəvi çirklənməsi torpaqlarımızın deqradasiyaya uğramasına səbəb olub. Ən gərgin silahlı konfliktlər zamanı belə ətraf mühiti mühafizə edən beynəlxalq hüquq normaları düşmən tərəfindən kobud şəkildə pozulub, Qarabağın təbiəti viran qoyulub. Ermənistanın təcavüzü nəticəsində bu ərazilərin ekologiyasına vurulan ziyanın bərpa edilməsi üçün hələ çox zaman tələb olunacaq. Ekoloji terrora məruz qalan, ərazisi məqsədli şəkildə xarabalığa çevrilən sahələrdən biri də Zəngilan rayonudur. Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşən, sıldırım qayaları, buz bulaqları, laləli düzləri, göz oxşayan mənzərələri ilə seçilən Zəngilan rayonu həm də təbii sərvətlərlə zəngindir. Ərazidə tikinti daşı, qızıl, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı və digər faydalı qazıntılar hesab edilən təbii ehtiyatlar geniş yayılıb. Rayon ərazisində yerləşən Bəsitçay füsunkar təbiəti ilə məşhurdur. Lakin mənfur düşmənin törətdiyi ekoloji terror aktlarının izləri burada da görünür. Çay Ermənistanın dağ kəndlərinin donuz fermalarının tullantıları, ağır metallar və məişət tullantıları ilə çirkləndirilib, meşə zolağında üstünlük təşkil edən çinar və qoz ağacları vəhşicəsinə qırılaraq xarici ölkələrə və Ermənistana daşınıb. Bundan başqa, Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olub, torpağın üst qatı yararsız hala düşüb. Yanğınlar zamanı heyvanat aləminin bir qismi məhv olub, digər qismi isə qonşu areallara qaçaraq özlərinə sığınacaq tapıb.

“44 günlük Vətən müharibəsi dövründə - 2020-ci il oktyabrın 20-də Zəngilan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən işğaldan azad edildi. Regionun ekoloji problemlərinin bərpası, bioloji müxtəlifliyinə vurulmuş zərərin minimuma endirilməsi ilə bağlı işlərin aparılması uzaq deyil! İşğaldan azad olunan ərazilərimiz də ölkəmizin digər bölgələri kimi günü-gündən çiçəklənəcək, iqtisadiyyatı inkişaf edəcək, təbiət, ekoloji tarazlıq bərpa olacaq, cəmiyyətin davamlı inkişafı təmin ediləcək”, - deyə Aysel Vəliyeva qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.