SİYASƏT


Ermənistan kriminal şəxslərin neofaşizm yuvasına çevrilib

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycan Ordusunun möhtəşəm Qələbəsi Ermənistandakı siyasi böhranı daha da dərinləşdirib. Paşinyan rejiminin qurduğu diktatura rejiminə etiraz aksiyaları səngimək bilmir. Məğlub baş nazir isə bütün günahları hərbi-siyasi rəhbərliyin üzərinə atır. Sanki Şuşada sərxoş vəziyyətdə “yallı” oynayan, kütlə qarşısında sərsəm bəyanatlar verən, “Qarabağ Ermənistandır və nöqtə” deyib əhalini qızışdıran, münaqişəni daha da alovlandıran o deyilmiş. Belə pafoslu çıxışları ilə ölkəsini fəlakətə sürükləyən Paşinyan onu ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırır, onlara təzyiqlər və təhdidlər edilir və hakimiyyəti saxlamaq üçün zorakı vasitələrdən istifadə olunur.

Bu fikirləri AZƏRTAC-a YAP Səbail rayon təşkilatı sədrinin müavini, politoloq Mehman İsmayılov bildirib.

Mehman İsmayılov deyib ki, 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişi yolu ilə hakimiyyətə gətirilmiş Nikol Paşinyanı “demokratik lider” kimi təqdim edənlər sanki ölkədə tüğyan edən diktaturadan bixəbərdirlər. Artıq dünya ictimaiyyətinə də bəllidir ki, bu gün Ermənistanda demokratik prinsiplərdən əsər-əlamət qalmayıb. Həqiqəti söyləyənlərin, reallıqları yazanların həbsə atdırılması və həbsxanada işgəncələrə məruz qalması, onların acından ölməsi faşizm ənənələrinin göstəricisidir. Paşinyan hakimiyyətinin hegemonluğu ölkəni kriminal şəxslərin neofaşizm yuvasına çevirib.

Azərbaycanda hər hansı kiçik bir hadisə baş verəndə “milçəkdən fil düzəldən” qərəzli beynəlxalq təşkilatlar, ö cümlədən özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən bəzi Avropa və Qərb dövlətləri nədənsə Ermənistanda hökmranlıq edən diktatura rejimini “görmür”, ölkədə baş alıb gedən faşizm ideologiyasını “demokratik inqilab” hesab edirlər. Əgər bu gün Ermənistanda baş verən bu özbaşınalıq və “demokratik ənənələr” Azərbaycanda olsaydı, indi Qərb ölkələrində bu barədə bəyanat ardınca bəyanat veriləcəkdi, “insan hüquq və azadlıqlarının pozulmasına dair” hesabatlar yayılacaqdı. Guya Azərbaycanda müxalifətin təqib olunması barədə haray-həşir salınacaqdı. Qərbin nökərləri olan hüquq müdafiəçiləri isə neçə illərdən bəri hazır saxladıqları bəyanatları dərhal işə salacaq, ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa cəhd edəcəkdilər.

Beynəlxalq ictimaiyyətin gözü qarşısında Ermənistanda müxalifətin əzilməsinin və sıradan çıxarılmasının, həbs olunmasının susqunluqla qarşılanması ikili standartların, ayrı-seçkiliyin bariz nümunəsidir. Son vaxtlar dövlətimizin başçısından müsahibə alan Almaniyanın ARD, Amerikanın “Fox News” televiziya kanallarının, “BBC News”un əməkdaşlarının qabaqcadan hazırlanmış qərəzli sualları da ikili standartların, ölkəmizə qarşı qərəzli münasibətin göstəricisidir. Prezident İlham Əliyevə feyk məlumatlar əsasında, guya Azərbaycanda bir nəfərin sülh tələb etdiyinə görə həbs edilməsi və müxalifətin təqib olunması barədə sual verənlər bu gün Ermənistandakı kütləvi həbslərdən, təqiblərdən xəbərsizdirlərmi? Qabaqcadan öyrədilmiş müxbirlər Ermənistanın baş nazirindən müsahibə alarkən, onunla heç nə baş verməmiş kimi davranır, bu barədə heç bir sual ünvanlamırlar. Sanki Ermənistanda heç bir antidemokratik hadisə baş vermir, bu ölkə neofaşizm yox, demokratiya beşiyi imiş.

Uzun müddətdir işğal altında olan ərazilərimizin azad edilməsi uğrunda dövlətimizin başçısının apardığı mübarizə həmişə ermənipərəstlərin və anti-Azərbaycan qüvvələrin tənqid hədəfinə çevrilib. Bir sıra beynəlxalq təşkilatların, hətta ATƏT-in Minsk qrupunun həmsədrlərinin işğalçıya havadarlıq etmələri, Ermənistanın xilası üçün açıq şəkildə canfəşanlıq etmələri, bir sıra Qərb ölkələrinin, o cümlədən Fransanın, Kanadanın Ermənistana dəstək bəyanatları, Azərbaycan Prezidentinə qarşı təzyiq və təhdidlər heç bir nəticə vermədi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.