SİYASƏT


Ermənistan nə üçün indi təxribata əl atdı?

Moskva, 16 iyul, AZƏRTAC

“Mən atamla fəxr edirəm! Mən atamın yolu ilə gedəcəyəm!” - şəhid polkovnikimizin oğlunun dediyi bu sözlər hamımızda bir daha inam yaratdı ki, Vətəni möhkəm əllərə miras qoyacağıq və Qarabağı mütləq geri qaytaracağıq!

Hər bir şəhid ailəsi “şəhidimlə qürur duyuram” dedi və cavabında minlərlə oğuldan “başını dik tut, şəhid anası!” sözünü eşitdi.

Minlərlə insan Azərbaycan Ordusuna və Prezidentinə dəstək şüarları ilə küçələrə çıxdı. Bu xalqın əzmini, Vətən sevgisini bir hiyləgər tülkü xislətli erməni qıra bilərmi!? Əlbəttə, yox! Şəhid generalımızın, polkovnikimizin, mayorumuzun, gizirimizin, əsgərimizin ruhu qarşısında hər birimiz baş əyirik.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında qeyd etdiyi kimi, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğrayıb.

Təxribatın Dağlıq Qarabağda deyil, məhz birbaşa Azərbaycanla sərhəddə törədilməsinin səbəblərinə gəldikdə isə bir neçə məqamı diqqətə çatdıraq. Səfir Polad Bülbüloğlu “Exo Moskvı” radiostansiyasına müsahibəsində bu səbəblərdən birini münaqişəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), ilk növbədə, Rusiyanın cəlb edilməsi cəhdləri ilə izah edib. Ancaq ermənilər bu dəfə də yanılıblar. Əvvəla, Azərbaycan bu təşkilatın bütün üzvləri ilə (Ermənistan istisna olmaqla) həm mehriban dostluq əlaqələri, həm də tərəfdaşlıq münasibətləri qurub. Səfirin dediyi kimi, heç bir qırğız və ya qazax əsgər Azərbaycan əsgərinə atəş açmaz.

İkincisi, Paşinyan amildir. Ölkəyə rəhbərlik edən şəxsin beynəlxalq nüfuzu olmalıdır. Paşinyan barədə isə bunu demək mümkün deyil. Hakimiyyətə gəldiyi vaxtdan bəri onun beynəlxalq tədbirlərdə davranışı və həmkarlarının ona münasibəti göz qabağındadır. Münxendə Azərbaycan Prezidenti ilə debatını xatırlamaq kifayətdir ki, Paşinyanın bu görkəm və intellektlə ancaq dondurma köşkünə rəhbərlik etməyə layiq olduğunu görəsən. Elə öz erməniləri də Paşinyanın cılızlığından xəcalət çəkirlər. Məsələn, Rusiyada «İzvestiya” qəzeti və “News Media” nəşriyyat evinin sahibi Aram Qabrelyanov özünün “Facebook” səhifəsində Paşinyanı qeyri-adekvat qərarlarına görə “saqqalı keçi” adlandırmışdı.

Toqquşmanın məhz indi başlanmasını bəzi ekspertlər Paşinyanın oğlunun üç gün əvvəl ordudan tərxis edilməsi ilə bağlayırlar. Baş nazir oğlu Aşot Paşinyan ordudan qayıtması ilə bağlı video da çəkib sosial şəbəkə hesabına yerləşdirmişdi. Ekspertlər vurğulayır ki, Aşotun əsgər olduğu son bir ildə erməni tərəfi, xırda-para atışmaları nəzərə almasaq, böyük təxribatlara getmirdi. Ancaq Aşot evə qayıdan kimi Paşinyanın müharibə etmək həvəsi yarandı. Üstəlik, oğul Paşinyan Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində əsgər idi. Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından da Azərbaycan torpağı olduğunu nəzərə alsaq, Aşot Paşinyana cinayətkar demək olar.

Daha bir səbəb Ermənistanın daxilində hökm sürən böhranlı vəziyyətlə izah edilir. 2018-ci ildə Paşinyan hakimiyyətə gələndə ermənilər onun ölkədə iqtisadi vəziyyəti yaxşılaşdıracağına ümid bəsləyirdilər. “Euronews” kanalının Yerevanda bir neçə sahibkardan aldığı müsahibələrdən bu dəfə də ümidlərin puça çıxdığı görünür. Məsələn, şokolad fabrikinin sahibi Ayk Arutunyan müsahibəsində deyir ki, 2018-ci ildə hakimiyyətin dəyişməsi onu Ermənistana qayıtmağa ruhlandırmışdı. Lakin Ermənistan iqtisadiyyatı tənəzzülə uğramağa başladığından biznesi müflisləşib. Ölkədə bir sıra sahələrdə istehsal 90 faiz azalıb. Hakimiyyət 2020-ci ildə istehsalın 4,5 faiz artacağını proqnozlaşdırmışdı. Sonradan proqnoz 0,7 faizə endirildi. İndi isə heç buna da ümid yoxdur. Paşinyanın populyarlığı getdikcə aşağı düşür. Ölkədə bir neçə müxalifət partiyası yaradılıb, üstəlik, Ermənistanın ikinci prezidenti Robert Koçaryan azadlığa buraxılıb.

Ermənistanın Rusiya ilə də münasibətlərini sabit deyil. Hakimiyyətə gələn kimi Paşinyan KTMT-nin sədri Yuri Xaçaturovu həbs etmək barədə qərar verdi, rus dilində verilişlər və Rusiya kanalları yayım şəbəkəsindən çıxarıldı, “Rusiya Dəmir Yolları” ASC-nin törəmə müəssisəsi olan “Cənubi Qafqaz Dəmir Yolları” ASC-nin ofisində axtarışlar aparıldı və sair. İndi də Ermənistan Rusiyadan və KTMT-dən yardım gözləyir. Sərhəddə baş verən qanlı hadisələrin Paşinyan hakimiyyətinin hoqqası olduğunu anlayan rəsmi Moskva isə bu günlər təmkin nümayiş etdirdi. Kremlin rəsmi nümayəndəsi, XİN başçısı atəşkəsi dayandırmaq çağırışları, KTMT isə “ciddi narahatlıq” ifadə etməklə kifayətləndilər.

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar artıq 30 ildir ki, davam edir. Bu illər ərzində nizamlamanın müxtəlif varinatları təklif olunub. Ermənilər öz müqəddəratlarını müəyyən etmək, referendum keçirmək iddiasını əldə bayraq edərək hər dəfə danışıqları pozurlar. Çox gözəl, referendum da, müqəddəratı müəyyən etmək də yaxşı işdir. Ancaq Qarabağın Azərbaycan icması da öz ev-eşiyinə qayıtmaq istəyir, ədalət tələb edir. Böyük Ermənistan xülyasında olan, özlərini seçilmiş millət sayan ermənilərə isə ədalət sərf etmir. Odur ki, illərlə danışıqlar xətrinə davam edən danışıqlar nəticəsiz qalır. Səfir Polad Bülbüloğlunun müsahibəsində dediyi kimi, Azərbaycan cəmiyyəti artıq qəti tədbirlər görülməsini tələb edir: “İnsanlar həlak olub! Bu, nə qədər davam edəcək? Biz buna nə qədər dözəcəyik? Nə vaxta qədər təcavüzkarın başını tumarlayıb demək olar: “Biz çox narahatıq, gəlin, məsələni sülh yolu ilə həll edək?”. Qoşunlarınızı çıxarın və məsələni sülh yolu ilə həll edək”.

Hər olay bir sınaqdır. Əminik ki, Azərbaycan xalqı bu hadisələrdən də üzüağ çıxacaq. Ali Baş Komandanımız bizi əmin etdi ki, hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Dövlətimiz bütün imkanlardan istifadə edib vətəndaşını qoruyacaq və düşmənə yenidən onun layiq olduğu yeri göstərəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.