DÜNYA
Ermənistan ordusunda anarxiya hökm sürür
Bakı, 29 dekabr, AZƏRTAC
Ermənistanın təhlükəsizlik sisteminin ekspertləri hesab edirlər ki, bu ölkənin silahlı qüvvələrində yüzlərlə yüksək rütbəli hərbçi ordu sıralarından uzaqlaşdırılmalıdır. Onlar əsgərlər arasındakı nizam-intizamsızlığın səbəbini səriştəsiz komandanlıqda görürlər.
Ekspertlər Ermənistan ordusunda hökm sürən anarxiyanın onu uçuruma apardığını bildirirlər. Hərbi ekspert Qrant Şahnazaryan hesab edir ki, belə bir orduya malik dövlət heç vaxt uğur əldə bilməz. Ermənistan ordusunda adi hala çevrilən fərarilik, ölüm, korrupsiya, intihar faktları onun nüfuzuna birbaşa təsir göstərir. Üstəlik hərbçilər arasında cinayət hallarının sayı artıb.
Ermənistandakı hərbi hissələrdən birinin kommunal xidmətinin rəisi Sarkis Kirakosyan satış məqsədilə güllə oğurlamaqda ittiham olunur. O, hərbi hissənin çavuşu Armen Muradyanı dəfələrlə oğurluğa məcbur edib, sonradan güllələri Stepanavan şəhər sakinlərindən birinə satıb. Belə faktlar Ermənistan ordusunda adi hala çevrilib. Təhlükəsizlik sisteminin ekspertləri hesab edirlər ki, müdafiə naziri postuna yeni şəxsin gətirilməsi görüntü xarakteri daşıyır. Bu, ordudakı problemləri kökündən həll edə bilməz. Bu gün hamı bilir ki, ordu sıralarında yüzlərlə yararsız, orduya ləkə gətirən yüksək rütbəli hərbçi var. Onların hamısı ordudan azad edilməlidir.