ORDU
Ermənistan ordusunda zabitlərin özbaşınalığı və “dedovşina” əsgərlərin valideynlərinin qorxulu kabusuna çevrilib
Bakı, 31 avqust, AZƏRTAC
Ermənistan ordusunda zabitlərin özbaşınalığı və “dedovşina” bu ölkədə əsgərlərin valideynlərinin qorxulu kabusuna çevrilib.
AZƏRTAC Ermənistan mətbuatına istinadla xəbər verir ki, övladlarını hərbi xidmətə yola salan valideynlər hərbi xidmətdə olan oğullarının döyüş tapşırığı yerinə yetirərkən ölməsindən daha çox, orduda hökm sürən yerlibazlıq, əyyaşlıq, nizamnamədən kənar münasibətlər və zabitlərin özbaşınalığının qurbanı olmasından qorxurlar. Son günlər bir-birinin ardınca baş verən hadisələr və hər dəfə də 2-3 əsgərin xəsarət alması hərbi qulluqçuların valideynlərinin böyük narahatlığına səbəb olub.
Avqustun 29-da işğalçı Ermənistan ordusunun Ağdərə istiqamətindəki bölmələrindən birində daha 3 sıravi əsgər komandirləri tərəfindən vəhşicəsinə döyülərək şəxsi heyət qarşısında təhqirlərə məruz qalıb. Ac-susuz qalan və günəş altında qazıntı işləri aparmaqdan imtina edən Harut Martirosyan, Levon Xaçaturyan, Eduard Bağdanyan komandirləri tərəfindən döyülüblər.
Həmçinin sosial şəbəkələrdə paylaşmalardan bəlli olub ki, Xocavənddə işğalçı Ermənistan ordusunun digər hərbi hissəsinin 2-ci alayında komandirin texniki hissə üzrə müavini alay üzrə cavabdeh qaldığı zaman dostları ilə kef məclisi qurub. Sonradan o, sərxoş vəziyyətdə bölüyə gəlib və şəxsi heyətə qarşı qanunazidd hərəkətlərə yol verib.
Müqavilə əsasında xidmət keçən iki hərbi qulluqçu buna dözməyərək bölməni tərk edib və səhər qayıtdıqdan sonra hadisə barədə alay komandirinə şikayət ediblər. Cavabdeh olduğu müddətdə vəzifə səlahiyyətlərini aşan həmin zabit 5 sutka müddətinə həbs edilərək haupvaxta göndərilib.