REGİONLAR
Ermənistan ordusunun Mingəçevir şəhərinə vurduğu ziyanın qiymətləndirilməsi işləri yekunlaşmaq üzrədir VİDEO










Mingəçevir, 15 noyabr, M.Əlioğlu, foto A.Məmmədov, AZƏRTAC
Məlum olduğu kimi, noyabrın 6-da Prezident İlham Əliyev "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb.
Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə Ermənistan silahlı qüvvələrinin zərər vurduğu şəhər və rayonlara ezam olunublar.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, işçi qrupu Mingəçevir şəhərində də qiymətləndirmə işlərinə başlayıb.
Maliyyə nazirinin müşaviri, Mingəçevir şəhəri üzrə işçi qrupun rəhbəri Rafiq Hüseynov AZƏRTAC-a bildirib ki, indiyədək 34 akt tərtib edilib. Bir ev və bir yarımçıq tikili tamamilə yararsız hala düşüb.
"Hazırda işlərimiz yekunlaşmaq üzrədir. Dəymiş ziyanın aradan qaldırılması üçün tələb olunan maliyyə vəsaitinin həcminə dair təkliflər dekabrın 10-dək dövlət komissiyasına təqdim ediləcək”, - deyə R.Hüseynov əlavə edib.