REGİONLAR
Ermənistan ordusunun Şuşada atıb qaçdığı silah-sursat aşkarlanıb
İmişli, 5 mart, AZƏRTAC
Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda sarsıdıcı məğlubiyyətə uğramış Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Şuşa Polis Şöbəsinin əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birlikdə partladıcı vasitələrin, silah-sursatın aşkar edilməsi və istifadəyə yararsız olanların zərərsizləşdirilməsi məqsədi ilə xidməti ərazidə müntəzəm reydlər aparırlar.
Növbəti belə tədbir zamanı Şuşa Polis Şöbəsinin əməkdaşları tərəfindən erməni hərbçilərin ataraq qaçdığı 1 ədəd tüfəng, 6 müxtəlif növ qumbara, 13 qumbaraatan və minaatan mərmiləri, 5500 ədəd 7,62 çaplı patron, pulemyot və avtomat silahlar üçün güllə ilə dolu 13 sandıq və digər döyüş sursatları aşkar edilərək götürülüb.