REGİONLAR
Ermənistan ordusunun raket hücumları nəticəsində Gəncəyə dəymiş ziyanın qiymətləndirilməsinə başlanılıb VİDEO
Gəncə, 13 noyabr, M.Əlioğlu, foto A.Məmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə hərbi təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb.
Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə Gəncə, Mingəçevir, Goranboy, Naftalan və digər şəhər və rayonlara ezam ediliblər.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, işçi qrupu Gəncə şəhərində də qiymətləndirmə işlərinə başlayıb.
Gəncə şəhəri üzrə işçi qrupun rəhbəri Ədalət Əliyev jurnalistlərə açıqlamasında deyib ki, Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində şəhərdə yaşayan mülki əhaliyə, evlərə, mənzillərə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı işlərə başlanılıb. Sərəncamın icrası ilə əlaqədar, aidiyyəti dövlət qurumlarının nümayəndələri və mütəxəssislərdən ibarət işçi qrup Ermənistanın hərbi təxribatı nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi işlərinə başlayıb. Gəncə şəhəri raket zərbələri nəticəsində dağıntıların və itkilərin olduğu ərazilərimizdən biridir.
"Burada ilkin hesablamalara əsasən 2000-dən çox fərdi və eyni zamanda çoxmənzilli binalara zərər dəyib. Əvvəlcə evlərdə, sonra isə digər sahibkarlıq subyektlərinə məxsus qeyri-yaşayış sahələrində qiymətləndirmə işləri aparılacaq. Qiymətləndirmə ev və əmlak sahiblərinin iştirakı ilə həyat keçiriləcək. Biz müvafiq texniki müayinə aktları tərtib edəcəyik. Həmin aktlar tərtib olunduqdan sonra dəymiş ziyanın nəticələrinin aradan qaldırılması üçün komissiyaya təqdim ediləcək. Ola bilər ki, ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin sayı artsın. Dəymiş ziyanın məbləği isə işlər yekunlaşandan sonra mütəxəssislər tərəfindən müəyyən olunacaq. Qiymətləndirmə işləri Sərəncama əsasən dekabrın 10-dək tamamlanmalıdır”, - deyə Ədalət Əliyev qeyd edib.