SİYASƏT


Ermənistan rəhbərliyi 44 gün ərzində o qədər yalan danışıb ki, indi o yalanlar üzə çıxdıqca ölkə ictimaiyyəti əsl şok yaşayır

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan yaralı hərbçilərimizlə görüşərək onlara təşəkkürlərini bildirib, Vətən müharibəsində Qələbənin qazanılmasında müstəsna xidmətlərini qeyd ediblər.

Görüşdə 8 hərbçimiz iştirak edirdi, ancaq onlar, əlbəttə, bütün yaralı hərbçilərimizin hiss və həyəcanına sahib idilər. Şanlı Ordumuzun Müzəffər Ali Baş Komandanı onların timsalında bütün Silahlı Qüvvələrimizin, Silahlı Qüvvələrimizin timsalında ölkə vətəndaşlarının, dünya azərbaycanlılarının görüşünə gəlmişdi. Yaralı hərbçilərimiz qarşısındakı tarixi çıxış isə demək olar hamıya, hər kəsə ünvanlanmışdı. Qələbəmizə dostlar sevindi, düşmənlər xar oldu.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Komitə sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyev hərbçilərimizlə görüşündə məcburi köçkünlərin tezliklə öz doğma dədə-baba torpaqlarına qayıdacaqlarını deyib. Dövlətimizin başçısı bildirib ki, soydaşlarımızın doğma torpaqlarına qayıtmaları üçün Azərbaycan dövləti əlindən gələni edəcək.

“Döyüşlərin getdiyi 44 gün ərzində hərb meydanı ilə yanaşı, diplomatik-siyasi meydanda mübarizəyə bilavasitə rəhbərlik edən, nüfuzlu xarici media orqanlarına 30-dan çox müsahibə verən, nümayəndə heyətlərini qəbul edən Prezident İlham Əliyev hərbçilərimizlə görüşündə Vətən müharibəsinin nəticələrini, məntiqi sonluğunu öz əsgər və zabitləri ilə bölüşdü.

Fikir verin, bu günlərdə düşmən cəbhəsində nələr baş verir? Onların ali baş komandanı nəinki hərbçilər qarşısında çıxış edə bilir, heç harada olduğunu da açıqlaya, iş yerinə gələ bilmir. Öz xalqına, dünya ictimaiyyətinə ənənəvi erməni yalanları və özünəməxsus yeni hiylələrlə o qədər etibarsızlıq ovqatı aşılayıb ki, artıq nə etsə, öz əleyhinə çevrilir. “Guya demokrat” Paşinyan Sorosun siyasi layihəsi idi, indi İrəvanın mərkəzində Soros fondunun qərargahı ermənilər tərəfindən dağıdılır. Guya “yenilməz erməni ordusu”nun komandanı idi, həmin ordunun da beli qırılıb, nə sağalda bilmirlər, nə də aparıb basdırmağa ehtiyac duymurlar, yiyəsiz qalıb”, - deyə Q.Paşayeva qeyd edib.

Deputat bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi 44 gün içində siyasili, hərbçili o qədər yalan danışıb, indi o yalanlar gün üzünə çıxdıqca erməni ictimaiyyəti əsl şok yaşayır. Doğrudur, Paşinyan, onun kimi düşünən bəziləri hələ də yalan danışmaq limitinin tükənmədiyi qənaətindədirlər.

Q.Paşayevanın sözlərinə görə, üçtərəfli birgə bəyanatın mahiyyətini təhrif etməyə, guya Ermənistanın nəsə əldə etdiyi illüziyasını yaratmağa cılız cəhdlər göstərilir. Lakin bu xırdalıqlar “böyük Ermənistan” xülyası ilə yaşayanların psixoloji vəziyyətini düzəltmək gücündə deyil. Birgə Bəyanatın 9-cu bəndində deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”.

Deputat diqqətə çatdırıb ki, bəyanatın xüsusilə 5-ci bəndinin Ermənistanda, dünya erməniliyində hələ çox müzakirə ediləcəyi şübhəsizdir. Şübhəsiz, bu bəndə uyğun olaraq, qardaş Türkiyənin masaya və əraziyə daxil olması ermənilərin qətiyyən arzulamadığı, amma rəsmən qəbul etdiyi həqiqətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.