DÜNYA
Ermənistan rəhbərliyi müharibədə itkin düşənlərin sayını qəsdən gizlədib
Tbilisi, 17 iyun, AZƏRTAC
Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət müharibədəki itkilərlə bağlı həqiqətləri xalqdan gizlədib. Xüsusən də itkin düşmüş hərbçilərlə bağlı ictimaiyyətə yalan məlumatlar verilib.
AZƏRTAC Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qərargahı məlumat yayıb. Qərargah itkin düşən erməni hərbçilərin sayının göstərildiyi sənədi yayımlayıb.
Sənəd aprelin 6-da Ermənistan baş nazirinin müavini Mher Qriqoryana və əmək və sosial məsələlər naziri Mesrop Arakelyana Hərbi Sığorta Fondu tərəfindən göndərilən hesabat əsasında hazırlanıb.
Sənəddə deyilir ki, itkin düşmüş erməni hərbçilərin sayı baş nazir Nikol Paşinyanın aprelin 14-də ölkə parlamentindəki çıxışı zamanı iddia etdiyi kimi 321 nəfər deyil, bundan təxminən üç dəfə çox - 1064 nəfərdir.
“Heç olmasa, çıxıb insan kimi desinlər ki, itkin düşənlərin dəqiq sayını müəyyənləşdirmək mümkün olmayıb. Fondda bu rəqəmlər var”, - deyə Serj Sarkisyan vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi