DÜNYA


Ermənistan seçkiyə bir-biri ilə açıq düşmənçilik edən düşərgələrə bölünmüş vəziyyətdə gedir

Bakı, 19 iyun, AZƏRTAC

Ermənistan cəmiyyəti iyunun 20-nə təyin olunmuş növbədənkənar parlament seçkilərinə Qarabağ müharibəsində acınacaqlı məğlubiyyətin yaratdığı dərin siyasi böhran fonunda, eləcə də bir-biri ilə açıq düşmənçilik edən düşərgələrə bölünmüş vəziyyətdə gedir.

AZƏRTAC Ermənistanda seçkiöncəsi gərgin situasiyanın bəzi məqamlarına nəzər salır.

Seçkilərdə iştirak edəcək əsas oyunçuların bəyanat və davranışları göstərir ki, onlar nəinki yeni hökumət qurmağa can atır, həm də qalib gələcəkləri təqdirdə rəqiblərinə qarşı hüquqi təqiblərə başlamaq niyyətindədirlər. Siyasi qüvvələr və cəmiyyət 2020-ci ilin payızında Qarabağda baş verən müharibənin xəyal qırıqlığına səbəb olan nəticələrinin günahkarlarını axtarır. Hazırda onlar öz aralarında açıq düşmənçilik aparan bir neçə düşərgəyə bölünüb. Cəmiyyətin bir hissəsi döyüşə hazır ordu qura bilmədikləri, korrupsiya və rüşvətxorluq sxemlərinə qarışdıqları üçün əvvəlki hakimiyyətləri günahlandırır.

Cəmiyyətin digər hissəsi isə baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı hakimiyyəti təqsirkar bilir. Opponentlərinin fikrincə, Paşinyan qeyri-effektiv daxili və xarici siyasət yürüdüb, Ermənistanın strateji müttəfiqi - Rusiya ilə münasibətlərin soyumasına imkan verib, ordunun döyüş qabiliyyətini zəiflədib və nəticədə cəmiyyəti parçalayaraq əvvəlki hakimiyyətlərə dəstəyi əhəmiyyətli dərəcədə artırıb.

Qarşıdakı seçkilərdə əsas rəqiblər Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası və sabiq prezident Robert Koçaryanın “Ermənistan” blokudur. Sosioloji rəy sorğularının nəticələrinə əsasən, seçkiöncəsi mübarizənin hər iki lideri seçicilərin təxminən 24 faizinin səsini qazana bilər. Onlar Qarabağdakı məğlubiyyətə görə daim bir-birini ittiham edərək sərt təbliğat aparırlar.

Nikol Paşinyan artıq 2018-ci ildə xalqdan “məxməri mandat” aldığını, indi isə özünün dediyi kimi, “hakimiyyəti insanların əlindən almağa çalışan” bütün “sabiq korrupsionerlərin” və “sümürgəçi elitanın” öhdəsindən gəlmək üçün “polad mandat” istədiyini bildirib. Seçkilərdə qalib gələcəyi təqdirdə bütün “paslı mismarları çıxarmağı” vəd edən Paşinyan parlamentdə lazımi səs çoxluğuna malik olmaq üçün seçicilərdən 60 faiz səs istəyir.

Robert Köçəryan isə öz növbəsində Qarabağdakı acınacaqlı məğlubiyyətin səbəblərini müəyyənləşdirmək üçün müstəqil araşdırma aparılmalı olduğunu bildirir. Onun sözlərinə görə, müharibə hakimiyyətin yüksək eşelonlarında baş verən xəyanət nəticəsində uduzulub. Ermənistanın sabiq prezidenti seçkilərdə qələbə qazanacağı təqdirdə ölkəyə sabitlik gətirəcəyi, silahlı qüvvələrin döyüş qabiliyyətini bərpa edəcəyi və iqtisadi inkişafa nail olacağı barədə vədlər verir. Koçaryanın yaxın tərəfdarları Nikol Paşinyanın komandasını açıq şəkildə “şər hakimiyyəti” və “kapitulyator” adlandırır.

Müşahidəçilər həm Nikol Paşinyan komandasının, həm də Robert Koçaryan komandasının səsvermənin nəticələrini təkcə məhkəmələrdə deyil, həm də küçə və meydanlarda mübahisə obyektinə çevirməyə hazırlaşdıqlarından ehtiyatlanır. Paşinyan seçkilərdə qələbəsinin şübhə doğurmadığını bəyan etsə də, iyunun 21-dən 24-dək İrəvanın mərkəzindəki Respublika meydanının mitinq üçün ayrılması xahişi ilə şəhər meriyasına müraciət edib. Ermənistanın sabiq prezidenti Koçaryan da öz qələbəsinə əminliyini ifadə edərək, tərəfdarlarını seçkisonrası mübarizəyə hazır olmağa səsləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.