CƏMİYYƏT
Ermənistan silahlı qüvvələri Xocalı şəhərinin dinc sakinlərinə misli görünməmiş qəddarlıqla divan tutub
Bakı, 25 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını ayaqlar altına ataraq mühasirədəki Xocalı şəhərinin dinc sakinlərinə misli görünməmiş qəddarlıqla divan tutub, şəhəri yerlə-yeksan edib. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı məhz milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib ki, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insanlar olub. Nəticədə səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb ki, onlardan 150 nəfərin taleyi hələ də naməlumdur.
Bu soyqırımın geniş ictimaiyyətə çatdırılması üçün ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərinin olduğu və məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə hüquqi-siyasi qiymət verildiyi də vurğulanıb.
Sonda Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilib.