ORDU
Ermənistan silahlı qüvvələri evləri və mülki əhaliyə məxsus obyektləri atəşə tutur VİDEO
Bakı, 28 aprel, AZƏRTAC
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini mütəmadi pozaraq, əsasən yaşayış məntəqələrini - evləri, mülki əhaliyə məxsus obyektləri atəşə tutur.
Bu barədə AZƏRTAC-a müdafiə nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı məlumat verib.
V.Dərgahlı bildirib ki, ötən gün axşamdan başlayaraq aprelin 28-də səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələrini iriçaplı minaatanlardan, o cümlədən D-30 haubitsalarından atəşə tutub. Azərbaycan Ordusu əməliyyat şəraitinə uyğun olaraq, düşmənin hərbi obyektlərinə cavab zərbələri endirib. Nəticədə düşmən susdurulub.
Təmas xəttinin Tərtər istiqamətində saat 04:30-dan, Ağdam istiqamətində isə saat 06:30-dan etibarən tam sakitlik hökm sürür və Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə nəzarət edir.