SİYASƏT
Ermənistan silahlı qüvvələri mülki obyektləri atəşə tutmağa davam edir
Bakı, 2 oktyabr, AZƏRTAC
Beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə tutmağa davam edir. Şanlı ordumuzla döyüş meydanında üz-üzə gəlməyə cürət etməyən düşmən Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfat obyektlərini ağır artilleriya qurğularından atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, dinc əhalinin, eləcə də dövlət əmlakına ciddi ziyan yetirir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, çirkin əməllərini davam etdirən Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Tərtər rayonunun mərkəzində vətəndaşa məxsus təsərrüfat obyektində yanğın baş verib. FHN-in hadisə yerinə cəlb edilmiş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb. Obyektin bir hissəsi yanğından mühafizə olunub.
Ağdam rayonunun Xındırıstan kəndinə atılan düşmən mərmisinin təsərrüfat sahəsində səbəb olduğu yanğın yanğınsöndürmə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. Bundan başqa, Ağgöl Milli Parkının Ağcabədi rayonu ərazisinə, Tərtər rayonunun Şıxarx qəsəbəsinə, Füzuli rayonunun Horadiz şəhərinə atılan mərmilərin törətdiyi yanğınlara müdaxilə edilməsi düşmənin ərazini atəş altında saxlaması səbəbindən mümkün olmayıb.
Həmçinin Ağgöl Milli Parkının Ağcabədi rayonu ərazisinə və Kəbirli kəndinə düşən mərmilərin zərərsizləşdirilməsi ilə əlaqədar yanğınsöndürmə qüvvələrinin növbətçiliyi təşkil edilib.
Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün FHN gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin 112 - qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.