ORDU
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 43 dəfə pozub VİDEO
Bakı, 21 dekabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 43 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Paravakar, Azatamut kəndlərində və adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Voskevan kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Cəfərli, Quşçu Ayrım kəndlərində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Şuraabad, Yusifcanlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.