ORDU
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 92 dəfə pozub VİDEO
Bakı, 29 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 92 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqeləri atəşə tutulub.
Goranboy rayonunun Tap Qaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Kəngərli, Sarıcalı, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 93 dəfə atəş zərbəsi endirib.